Bu insanlarda infarkt riski AZDIR
Optimist insanların ürək-damar xəstəlikləri riskinin daha aşağı olduğu açıqlanıb.
Redaktor.az xəbər verir ki, Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin direktoru, professor Olqa Tkaçova bildirib ki, həyata müsbət baxan insanlarda ürək-damar xəstəlikləri riski təxminən üçdə bir daha azdır. Onun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, optimistlərdə bu xəstəliklərin yaranma ehtimalı digərləri ilə müqayisədə 35 faiz aşağıdır.
Mütəxəssis qeyd edib ki, bu nəticələr təkcə həyat tərzi ilə bağlı deyil. Belə ki, optimist insanlar daha çox hərəkət edir, sağlam qidalanır və zərərli vərdişlərdən uzaq dururlar. Eyni zamanda, neqativ düşüncə yüksək stress səviyyəsinə səbəb olur, bu da kortizol hormonunun artmasına, iltihabi proseslərin güclənməsinə və nəticədə xəstəlik riskinin yüksəlməsinə gətirib çıxarır.
Olqa Tkaçova əlavə edib ki, optimistlər orta hesabla 11–15 faiz daha uzun yaşayır və daha çox hallarda 85 yaşdan yuxarı ömür sürürlər. Onlar çətinliklərlə daha yaxşı mübarizə aparır, problemlərə fərqli yanaşma tapır və aktiv həyat mövqeyini qoruyurlar.
Həkim həmçinin vurğulayıb ki, pessimist insanlarda hüceyrələrin qocalmasını göstərən telomerlər daha qısa olur. Bununla belə, optimizmin doğuşdan gələn xüsusiyyət deyil, zamanla formalaşan bir bacarıq olduğunu və düşüncə tərzinin dəyişdirilməsi ilə inkişaf etdirilə biləcəyini qeyd edib.
NURİYYƏ













