2026-cı ilin makiyaj trendləri AÇIQLANDI
2026-cı ildə makiyaj dünyasında 1990-cı illərin üslubu yenidən populyarlıq qazanır. Gözəllik eksperti və “Miss Avropa” titulunun sahibi Tatyana Fedorişeva bildirib ki, parıltılı və sədəf effektli makiyaj bu ilin əsas tendensiyalarından biridir.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Onun sözlərinə görə, son dövrlərdə geniş yayılan “Slavic girl core” trendi səbəbindən kosmetik markalar məhsul çeşidlərinə daha çox sədəfli və pastel çalarlar əlavə edirlər. Dəbə uyğun görünmək üçün sədəf çəhrayı pomadalar, parıltılı göz kölgələri və haylayterdən istifadə tövsiyə olunur.
Ekspert qeyd edib ki, göz makiyajında da yeniliklər var. Artıq adi parıltılı kölgələri işığı əks etdirən xüsusi hissəciklərə malik “sparkle” kölgələr əvəz edir. O, ay işığı və ya süd rəngli haylayterlərin daha aktual olduğunu bildirib.
Makiyaj sahəsində son illərin məşhur tendensiyası olan “makiyajsız makiyaj” üslubu da aktuallığını qoruyur. Bu trenddə əsas məqsəd dərinin təbii, sağlam və parlaq görünməsidir. Bunun üçün yüngül tonal tintlər və flüidlərdən istifadə edilir. Bu məhsullar həm də günəşdən qoruyucu SPF tərkibi ilə seçilir.
Fedorişevanın sözlərinə görə, bu il ən diqqətçəkən yeniliklərdən biri də ənliklərin bol şəkildə tətbiq olunmasıdır. Ənliklər yalnız yanaqlara deyil, həmçinin gicgah hissəsinə, qaşların üzərinə və hətta göz kölgəsi kimi də çəkilir. Bu tendensiyanın Latın Amerikası və Asiya gözəllik müsabiqələrinin qalibləri tərəfindən populyarlaşdırıldığı bildirilir.
Ekspert yay aylarında parlaq rəngli makiyajın da ön plana çıxacağını vurğulayıb. Xüsusilə fuşya rəngli pomadalar və sarıdan tutmuş neytral tonlara qədər müxtəlif çalarlı tək rəngli göz kölgələri trend hesab olunur. Əsas şərt rənglərin bir-biri və geyimlə harmonik uyğunluq təşkil etməsidir.
Bundan əlavə, rəngli göz qələmləri, rəngli tuşlar və dodaq konturu olmadan istifadə edilən pomada-tintlər də dəbdə olacaq.
Mütəxəssis bu yay qaralmış dəri trendinin də geri döndüyünü bildirib. Onun sözlərinə görə, hazırda SPF tərkibli dəriyə qulluq vasitələrinin geniş yayılması günəş vannasını daha təhlükəsiz edir. Dərinin gəncliyini qorumaq istəyənlərə isə avtoqaraldıcı vasitələr əvəzinə yüngül tonlaşdırıcı məhsullardan istifadə etmək tövsiyə olunur.
Ekspert əlavə edib ki, yay makiyajında ağır teksturalardan uzaq durmaq, bürünc çalarlar və çoxfunksiyalı kosmetik vasitələrdən istifadə etmək daha məqsədəuyğundur.
NURİYYƏ













