"Pis yuxu evlilik münasibətlərini zəiflədir" - Alimlərdən maraqlı NƏTİCƏ

 16:00 05.06.2026     462

Amerikalı alimlər evlilik münasibətlərində yaranan problemlərin gözlənilməz səbəblərindən birini müəyyən ediblər. Araşdırmaya görə, yuxunun keyfiyyəti həyat yoldaşları arasındakı münasibətlərə birbaşa təsir göstərir və bu təsir xüsusilə qadınlarda daha qabarıq şəkildə özünü göstərir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "University of Texas at Austin" alimləri tərəfindən aparılıb və nəticələr Journal of Health and Social Behavior jurnalında dərc olunub.

Mütəxəssislər qeyd edirlər ki, yuxu adətən fərdi bioloji ehtiyac kimi qiymətləndirilsə də, ailələrin əksəriyyətində bu, ortaq fəaliyyət hesab olunur. Həyat yoldaşlarından birinin narahat və ya keyfiyyətsiz yuxusu digər tərəfin də emosional vəziyyətinə təsir göstərə bilər.

Araşdırma çərçivəsində 378 evli cütlük, ümumilikdə 756 nəfər iştirak edib. İştirakçılar əvvəlcə ətraflı sorğular doldurub, daha sonra 10 gün ərzində hər gün yuxularının keyfiyyəti və həyat yoldaşları ilə münasibətləri barədə məlumat veriblər. Onlar əvvəlki gecə necə yatdıqlarını qiymətləndirib, həmçinin son 24 saat ərzində özlərini incidilmiş, əsəbi və ya tərəfdaşları tərəfindən lazımi qədər qiymətləndirilməmiş hiss edib-etmədiklərini bildiriblər.

Təhlillər göstərib ki, keyfiyyətli yuxu növbəti gün ailədaxili gərginliyin və münaqişələrin azalması ilə əlaqəlidir. Ən diqqətçəkən nəticə isə qadınlarla bağlı olub. Məlum olub ki, qadınların münasibətlərə baxışına təkcə öz yuxularının keyfiyyəti deyil, həm də həyat yoldaşlarının necə yatması təsir edir.

Tədqiqatın aparıcı müəllifi Asya Saydam bildirib ki, əldə olunan nəticələr qadınların həm öz yuxularına, həm də tərəfdaşlarının yuxu vəziyyətinə daha həssas reaksiya verdiyini göstərir.

Alimlərin fikrincə, bunun səbəbi qadınların ailədaxili münasibətlərin qorunması, emosional yükün daşınması və məişət işlərinin əhəmiyyətli hissəsini öz üzərlərinə götürmələri ilə bağlı ola bilər. Bu səbəbdən yuxu çatışmazlığı onların emosional vəziyyətinə və ailə münasibətlərini qiymətləndirməsinə daha güclü təsir göstərir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən