Qatlana bilən iPhone ilə bağlı yeni DETALLAR

 18:06 09.06.2026     355

Apple şirkətinin hələ təqdim etmədiyi qatlana bilən iPhone modeli ilə bağlı yeni məlumatlar üzə çıxıb. Mütəxəssislər və texnologiya jurnalistləri iOS 27 əməliyyat sisteminin kodunda bu cihazın hazırlanmasına işarə edən bir sıra elementlər aşkar ediblər.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, iOS 27-də ilk dəfə olaraq cihazın qatlanma vəziyyətini və ekranın açılma bucağını izləməyə imkan verən "foldState" və "angleDegrees" parametrləri aşkarlanıb. Bu isə gələcəkdə smartfonun açılma dərəcəsindən asılı olaraq fərqli funksiyaların tətbiq edilə biləcəyini göstərir.

Bundan əlavə, sistemdə ekranların sayı ilə bağlı yeni parametrlər də müəyyən edilib. Eyni zamanda macOS 27 əməliyyat sistemində iPhone ekranının kompüterə ötürülməsi funksiyası təkmilləşdirilib və virtual ekranın daha geniş formada göstərilməsi imkanı yaradılıb.

Qatlana bilən iPhone-un hazırlanmasına dair digər bir işarə isə Apple-ın proqram təminatı hazırlayanlara etdiyi tövsiyələr olub. Şirkət tətbiqlərin yalnız müəyyən ekran ölçülərinə uyğun hazırlanmasından imtina etməyi, müxtəlif ekran nisbətləri və dinamik ölçülərə uyğunlaşdırılmasını məsləhət görüb.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər Apple-ın qatlana bilən smartfon üzərində işlədiyini göstərən növbəti əlamətlərdən biridir.

Bununla belə, Apple qatlana bilən iPhone Ultra modelinin hazırlanması ilə bağlı yayılan məlumatları hələlik rəsmi şəkildə şərh etməyib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən