Tez yuxuya getmək sağlamlıq problemi ola BİLƏR
Baş yastığa dəyən kimi yuxuya getmək hər zaman sağlam yuxunun göstəricisi deyil. Mütəxəssislər bildirirlər ki, bu hal yuxu apnesi, narahat ayaqlar sindromu və ya xroniki yorğunluq kimi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə əczaçı Ömər Əl-Qohari "Metro" nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, sağlam bir yetkin insanın yuxuya getməsi adətən 10-20 dəqiqə vaxt aparır. Əgər insan mütəmadi olaraq demək olar ki, dərhal yuxuya gedirsə, bunun səbəbi xroniki yuxu çatışmazlığı və ya gizli yuxu pozuntuları ola bilər.
Mütəxəssis qeyd edib ki, həddindən artıq tez yuxuya getmək obstruktiv yuxu apnesi, narahat ayaqlar sindromu və narkolepsiya kimi problemlərə işarə edə bilər. Narkolepsiya beynin yuxu və oyaqlıq dövrlərini düzgün tənzimləyə bilmədiyi nadir nevroloji pozuntudur.
Bu xəstəlikdən əziyyət çəkən şəxslər gecə kifayət qədər yatmış kimi görünsələr də, gün ərzində qəfil və qarşısıalınmaz yuxululuq hiss edə, çox qısa müddətdə yuxuya gedə bilərlər. Belə hallarda insan tez yuxuya getsə də, gecə istirahətinin keyfiyyəti aşağı olur və nəticədə gün ərzində güclü yorğunluq yaranır.
Əl-Qohari əlavə edib ki, daimi yorğunluğun səbəbi daha sadə amillər də ola bilər. Həddindən artıq işləmək, stress, yatmazdan əvvəl elektron cihazlardan istifadə və qeyri-müntəzəm yuxu rejimi orqanizmdə yuxu çatışmazlığı yaradır və insanın dərhal yuxuya getməsinə səbəb olur.
Mütəxəssis insanların əlavə əlamətlərə də diqqət yetirməsini tövsiyə edib. Davamlı yorğunluq, diqqət toplamaqda çətinlik, əsəbilik, baş ağrıları və kofeinə ehtiyacın artması həkimə müraciət etmək üçün əsas səbəblər hesab olunur. Onun sözlərinə görə, bu əlamətlər orqanizmin yuxu zamanı kifayət qədər bərpa olunmadığını göstərə bilər.
NURİYYƏ













