Alimlər insanların çoxunda müşahidə olunan sirli xüsusiyyəti aşkar ediblər
Müəyyən marşrut göstərilmədikdə insanların əksəriyyətinin dairəvi hərəkət zamanı saat əqrəbinin əks istiqamətində hərəkət etməyə meyilli olduğu müəyyən edilib.
Redaktor.az xəbər verir ki, bu barədə nəticələri "Nature Communications" jurnalında dərc olunan araşdırmada qeyd olunub.
İspaniyanın Navarra Universiteti və Yaponiyanın Tokio Universitetinin alimləri tərəfindən aparılan tədqiqata görə, bu qanunauyğunluq ilk dəfə pandemiya dövründə insanların davranışlarının müşahidəsi zamanı təsadüfən aşkar edilib. Video görüntülərin təhlili göstərib ki, qapalı məkanlarda insan axınları daha çox saat əqrəbinin əks istiqamətində formalaşır.
Sonrakı eksperimentlər də bu nəticəni təsdiqləyib. İştirakçılardan qapalı və açıq məkanlarda sərbəst hərəkət etmələri istənilib və onların əksəriyyəti yenidən sola dönməyə üstünlük verib. Araşdırma zamanı məlum olub ki, bu meyl cinsiyyətdən, sağ və ya solaxay olmaqdan, eləcə də dominant ayaq və ya göz faktorundan asılı deyil. Yeganə nəzərəçarpan fərq uşaqlarda müşahidə olunub. Onlarda sola dönmə meyli daha qabarıq olub.
Alimlər virtual reallıq mühitində də əlavə sınaqlar keçiriblər. Lakin nə mədəni vərdişlər, nə də bioloji və biomekanik xüsusiyyətlər bu davranışın səbəbini tam izah edə bilməyib. Tədqiqat müəlliflərindən birinin sözlərinə görə, hər bir insanın müəyyən istiqamətə dönmək üçün kiçik fərdi meyli var və kütlə daxilində bu mikro meyllər birləşərək ümumi hərəkət istiqamətini formalaşdırır.
Mütəxəssislər qeyd edirlər ki, oxşar davranış xüsusiyyətləri heyvanlarda da müşahidə olunur. Məsələn, qarışqalar yeni məkanları araşdırarkən müəyyən istiqamətə dönməyə üstünlük verirlər. Alimlər hesab edirlər ki, bu "məkan qərəzinin" daha yaxşı öyrənilməsi gələcəkdə metro stansiyaları, muzeylər, stadionlar və digər ictimai məkanlarda insan axınının daha səmərəli idarə olunmasına kömək edə bilər.
NURİYYƏ













