Alimlər bitkiləri virusları aşkarlayan canlı detektorlara çeviriblər
İspaniyada fəaliyyət göstərən Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun (IBMCP) alimləri virus infeksiyalarını erkən mərhələdə aşkarlaya bilən genetik modifikasiya olunmuş bitkilər hazırlayıblar.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu "Nature Communications" jurnalında dərc olunub.
Yeni texnologiya göbələklərdə müşahidə olunan biolüminessensiya mexanizminə əsaslanır. Alimlər bitkilərə qaranlıqda işıq saçmasını təmin edən xüsusi genlər yerləşdiriblər. Sistem bitkilərin tərkibində təbii şəkildə mövcud olan kofe turşusundan istifadə edir. Xüsusi fermentlərin təsiri altında bu maddə işıq saçan molekula çevrilir.
Normal vəziyyətdə bitkilər sarı rəngdə işıq saçır. Lakin kənd təsərrüfatı bitkilərində geniş yayılmış xəstəliklərə səbəb olan potiviruslarla yoluxduqda işığın rəngi yaşıl olur. Bu dəyişiklik adi rəqəmsal kamera vasitəsilə qeydə alına bilir və əlavə laboratoriya avadanlığı tələb etmir.
Texnologiya tütünün yaxın qohumu olan və bioloji tədqiqatlarda geniş istifadə edilən Nicotiana benthamiana bitkisi üzərində sınaqdan keçirilib. Təcrübə zamanı "detektor" bitkilər yoluxmuş pomidorların yaxınlığında yerləşdirilib və sistem xəstəliyi pomidorlarda görünən əlamətlər yaranmamışdan əvvəl aşkar etməyə nail olub.
Tədqiqat müəlliflərinin fikrincə, bu üsul laborator analizlər tələb edən ənənəvi diaqnostika metodlarına alternativ ola bilər. Yeni texnologiya istixanalarda və kənd təsərrüfatı sahələrində virus xəstəliklərinin erkən monitorinqi üçün istifadə edilə bilər.
Alimlər hesab edirlər ki, əsas əkin sahələri arasında az sayda belə "canlı detektor" bitkilərin yerləşdirilməsi infeksiyaların vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına kömək edəcək.
NURİYYƏ













