Yuxusuzluğu müəyyən edən ilk test hazırlanıb

 17:53 23.06.2026     375

İsveçrə alimləri yuxusuzluğun insan orqanizmində yaratdığı təsirləri müəyyən etmək üçün dünyada ilk dəfə xüsusi test hazırlayıblar.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Proteome Research" jurnalında dərc olunub.

Araşdırma zamanı müəyyən edilib ki, cəmi bir gecə yuxusuz qalmaq insanın tüpürcəyində xüsusi kimyəvi iz buraxır və bu iz təxminən 96 faiz dəqiqliklə aşkar oluna bilir. Alimlər hesab edirlər ki, gələcəkdə bu kəşf sürücülərin və digər şəxslərin yorğunluq səviyyəsini müəyyən edən “yorğunluq alkometri”nin hazırlanmasına imkan yarada bilər.

Tədqiqata orta yaşı 24 olan 20 sağlam kişi cəlb edilib. İştirakçılar üç fərqli ssenaridən keçiblər: 8 saat normal yuxu, dörd gecə ardıcıl 6 saatlıq yuxu və 24 saat tam yuxusuz qalmaq. Hər mərhələ arasında ən azı bir həftəlik normal istirahət dövrü olub.

Alimlər iştirakçıların tüpürcək nümunələrini günün müxtəlif vaxtlarında toplayaraq kütlə-spektrometriyası üsulu ilə analiz ediblər. Nəticədə tüpürcəkdə aşkar olunan 6 mindən çox bioloji komponent arasından süni intellekt alqoritmi tam yuxusuzluğu göstərən 10-12 biomarkeri müəyyən edib.

Tədqiqatın müəllifi Mixael Şolts bildirib ki, kəskin yuxusuzluq tüpürcəkdəki biomolekulların təxminən 10 faizinə təsir edir və müəyyən edilən biomarkerlər yorğunluğun dəqiq göstəricisi hesab oluna bilər.

Araşdırmanın maraqlı nəticələrindən biri də odur ki, ardıcıl dörd gecə ərzində 6 saat yatmaq tüpürcəkdə eyni kimyəvi izi yaratmayıb. Bu isə göstərir ki, orqanizm tədrici yuxu çatışmazlığı ilə qəfil 24 saatlıq yuxusuzluğa fərqli reaksiya verir.

Mütəxəssislər hesab edirlər ki, yeni test gələcəkdə uzun müddət yatmadan nəqliyyat vasitəsi idarə edən şəxslərin müəyyən edilməsində mühüm rol oynaya bilər. Hazırda bir çox ölkədə 24 saatdan çox yuxusuz vəziyyətdə avtomobil idarə etmək təhlükəli hesab olunsa da, bunu sübut etmək çətindir. Yeni tüpürcək testi isə bu sahədə obyektiv nəzarət vasitəsinə çevrilə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən