Alimlər hüceyrələri cavanlaşdıran preparat HAZIRLADILAR
Alimlər orqanizmdəki hüceyrələri “cavanlaşdırmağa” imkan verən yeni üsul hazırlayıblar. Mütəxəssislərin sözlərinə görə, ER-100 adlı preparat hüceyrələrin gen fəaliyyətini daha gənc vəziyyətə qaytararaq yaşlanma ilə əlaqəli xəstəliklərin inkişafını ləngidə bilər.
Redaktor.az xəbər verir ki, araşdırma barədə məlumat verən RUDN Universitetinin Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçisi Anastasiya Sudyina bildirib ki, preparat epigenetik yenidən proqramlaşdırma texnologiyasına əsaslanır. Bu üsul DNT-nin ardıcıllığını dəyişmədən hüceyrələrin fəaliyyətini bərpa etməyə imkan verir.
Mütəxəssis qeyd edib ki, normal şəraitdə orqanizmdə toxumalar köhnə hüceyrələrin məhv olması və onların yerinə yeni hüceyrələrin yaranması hesabına yenilənir. Lakin yaş artdıqca kök hüceyrələrin ehtiyatı azalır və onların fəaliyyəti zəifləyir. Nəticədə köhnə hüceyrələr orqanizmdə toplanaraq toxumaların vaxtından əvvəl qocalmasına və xroniki iltihab proseslərinin yaranmasına səbəb olur.
ER-100 preparatının əsasında duran OSK texnologiyası isə köhnə hüceyrələri məhv etmir, əksinə onların funksiyalarını qismən bərpa edir. Bu zaman hüceyrələrdə epigenetik profil yenilənir, DNT-nin bərpası mexanizmləri aktivləşir və maddələr mübadiləsi normallaşır.
Alimlərin fikrincə, yeni texnologiya yaşlanmış hüceyrələrin daha gənc hüceyrələr kimi fəaliyyət göstərməsinə imkan yaradır, onların zədələnməsinin və məhvinin qarşısını almağa kömək edir.
NURİYYƏ












