İnsanlar ölməzdən öncə nə görürlər? - Tibb bacısından AÇIQLAMA
Uzun illər hospisdə çalışan tibb bacısı ölüm ayağında olan insanların son günlərində və saatlarında müşahidə edilən dəyişikliklər barədə maraqlı açıqlamalar verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
20 ildən artıqdır sağalmaz xəstəlikdən əziyyət çəkən pasiyentlərlə çalışan hospis tibb bacısı Penni Hokins Smit bildirib ki, təbii ölüm insan həyatının normal bioloji mərhələsidir və bundan qorxmağa ehtiyac yoxdur.
Onun sözlərinə görə, təbii şəkildə vəfat edən insanların əksəriyyəti son günlərdə daha çox yatmağa başlayır, ətrafdakı insanlara reaksiyaları tədricən azalır və sonda "ölümqabağı koma" adlandırılan vəziyyətə düşürlər. Bundan sonra isə ölüm baş verir.
Tibb bacısı qeyd edib ki, bir çox pasiyent ölümə yaxın günlərdə qeyri-adi hisslər yaşadıqlarını bildirirlər. Bəziləri artıq dünyasını dəyişmiş yaxınlarını və ya ətrafdakı insanların görmədiyi şəxsləri gördüklərini deyir. Digərləri isə qarşıda onları bir səyahətin, yolçuluğun və ya böyük bir macəranın gözlədiyini ifadə edirlər.
"Pasiyentlər bəzən vəfat etmiş yaxınlarını gördüklərini, onlara tərəf uzandıqlarını və ya yola çıxmağa hazırlaşdıqlarını deyirlər. Bu hallarla tez-tez rastlaşırıq və bir çox insan üçün bu, daxili rahatlıq mənbəyinə çevrilir", – deyə Penni Hokins Smit bildirib.
O vurğulayıb ki, hər bir insanın ölüm prosesi fərqli olsa da, ömrü uzatmağa yönəlmiş müalicə almayan sağalmaz xəstələrdə bu proses adətən oxşar şəkildə inkişaf edir. Əvvəlcə yuxululuq artır, daha sonra insan ətraf mühitlə əlaqəsini tədricən itirir və sonda sakit şəkildə dünyasını dəyişir.
Tibb bacısının fikrincə, bu prosesləri anlamaq yaxınlarına son anlarda daha təmkinli davranmağa və baş verənləri daha az qorxu ilə qəbul etməyə kömək edə bilər.
NURİYYƏ













