"Samsung" smartfonların qiymətini bu il yeddinci dəfə ARTIRDI
Samsung şirkəti Hindistan bazarında bir sıra smartfon modellərinin qiymətini yenidən artırıb. Bununla da şirkət 2026-cı ildə smartfonlarının qiymətini artıq yeddinci dəfə bahalaşdırmış olub.
Redaktor.az xəbər verir ki, bu barədə "SamMobile" məlumat yayıb.
Məlumata görə, qiymət artımı büdcə seqmentinə aid Galaxy A06 5G, Galaxy A07 4G, Galaxy A07 5G, Galaxy A17 5G, Galaxy F17 5G və Galaxy M07 4G modellərinə şamil edilib. Hər bir modelin qiyməti təxminən 1000 Hindistan rupisi (təxminən 20 manat) artırılıb.
Bildirilir ki, bundan əvvəl qiymətlər may ayında da eyni məbləğdə artırılmışdı. Samsung növbəti bahalaşmanın səbəblərini rəsmi şəkildə açıqlamayıb.
Bununla belə, SamMobile yazır ki, qiymət artımı əsasən operativ yaddaş və fləş yaddaş modulları kimi komponentlərin bahalaşması ilə əlaqələndirilir.
Qeyd olunur ki, Samsung Hindistanda smartfon qiymətlərini yanvar ayından etibarən demək olar ki, hər ay yeniləyir. Ekspertlər hesab edirlər ki, oxşar qiymət artımı gələcəkdə digər ölkələrin bazarlarında da müşahidə oluna bilər.
NURİYYƏ













