İnsanlar gözlərin bu xüsusiyyətinə görə daha etibarlı görünürlər - Araşdırma

 21:14 29.07.2026     395

Gözlərin görünən ağ hissəsinin (skleranın) miqdarı insanların bir-birinə münasibətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə nəticəyə tədqiqatçılar Matiyas Buaye-Brosso, Simon Riqulo və Sebastyan Etu gəliblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc olunub.

Məlumata görə, insan sifəti sosial informasiya mənbəyidir və insanlar qarşısındakı şəxs haqqında ilk təəssüratı çox qısa müddətdə, əksər hallarda isə şüuraltı şəkildə formalaşdırırlar. Bu prosesdə gözlər xüsusi rol oynayır. Lakin əvvəlki tədqiqatlarda göz almasının görünən ağ hissəsi – skleranın təsiri üz cizgilərinin digər xüsusiyyətlərindən ayrıca qiymətləndirilməmişdi.

Bu məqsədlə alimlər ABŞ-də yaşayan 162 nəfərin (107 kişi, 55 qadın, orta yaş 39) iştirakı ilə onlayn eksperiment aparıblar. İştirakçılara Karolinska Directed Emotional Faces bazasından götürülmüş neytral ifadəli 100 üz fotosu göstərilib. Hər bir şəkil rəqəmsal üsulla iki variantda hazırlanıb: birində görünən sklera sahəsi kiçik (gözün görünən hissəsinin təxminən 31,5 faizi), digərində isə böyük (təxminən 43,8 faizi) olub.

İştirakçılar hər bir foto üzrə 10 ballıq şkala ilə dörd meyarı qiymətləndiriblər: həmin şəxsə nə dərəcədə etibar etdiklərini, onunla ünsiyyət qurmaq istəyib-istəmədiklərini, fiziki cəhətdən nə qədər cəlbedici hesab etdiklərini və sosial statusunu necə qiymətləndirdiklərini bildiriblər.

Nəticələr göstərib ki, görünən sklera sahəsi daha böyük olan şəxslər bütün meyarlar üzrə daha yüksək qiymət alıblar. Bu tendensiya həm kişi, həm də qadın üzlərində eyni şəkildə müşahidə olunub və qiymətləndirən şəxsin cinsindən asılı olmayıb.

Tədqiqat müəllifləri bunu iki səbəblə izah edirlər. Birincisi, görünən skleranın böyük olması baxış istiqamətinin izlənilməsini asanlaşdırır ki, bu da sosial ünsiyyətin vacib elementlərindən biridir. İkincisi isə yaş artdıqca görünən sklera sahəsi təbii olaraq kiçilir. Buna görə də daha geniş görünən ağ hissə şüuraltı şəkildə gənclik və sağlamlıq göstəricisi kimi qəbul oluna bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən