Yay üçün pencək seçərkən bunlara diqqət edin - Dizayner DANIŞDI

 21:45 30.07.2026     484

Yay mövsümündə pencək seçərkən onun hazırlandığı parça və astara xüsusi diqqət yetirmək lazımdır.

Redaktor.az xəbər verir ki, bunu emse brendinin dizayneri Marina Mixnova "Gazeta.ru"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, isti havalarda ağır görünməyən, formasını həddindən artıq qalın olmadan saxlayan materiallardan hazırlanmış pencəklərə üstünlük verilməlidir.

"Əgər pencəyin astarı varsa, o, çox isti və sərt olmamalıdır", – deyə dizayner bildirib.

Mixnova qeyd edib ki, pencəyin bədənə oturuşu da böyük əhəmiyyət daşıyır.

"Pencəyi yalnız alt geyimlə deyil, onu hansı geyimlə istifadə etməyi planlaşdırırsınızsa, həmin geyimin üzərində də sınaqdan keçirmək məsləhətdir. Pencək çiyin nahiyəsində hərəkəti məhdudlaşdırmamalı və düymələndikdə güclü qırışıqlar yaratmamalıdır", – deyə o vurğulayıb.

Dizaynerin fikrincə, pencəyin uzunluğu qarderobdakı digər geyimlərlə uyğunluq nəzərə alınaraq seçilməlidir.

"Qısa modellər yüksək belli şalvar və ətəklərlə, eləcə də donlarla yaxşı uyğunlaşır. Daha uzun pencəklər isə bədənə oturan toplar, düz biçimli cins şalvarlar və qısa şortlarla daha rahat kombinasiya olunur", – deyə Mixnova tövsiyə edib.

O əlavə edib ki, pencəyin nə dərəcədə rəsmi üslubda olması da nəzərə alınmalıdır.

"Kobud çiyinliklər, sərt yaxalıqlar və qalın kostyum parçaları geyimin müxtəlif kombinasiya imkanlarını məhdudlaşdıra bilər. Gündəlik yay qarderobu üçün sadə biçimli, təmiz xətli və minimum dekorativ elementlərə malik modellər daha praktik seçimdir", – deyə dizayner bildirib.

Sonda Mixnova pencək almamışdan əvvəl onu ən azı dörd fərqli geyim kombinasiyası ilə təsəvvür etməyi məsləhət görüb: şalvar, cins, ətək və donla.

"Əgər model yalnız bir alt geyimlə uyğunlaşırsa və ya ona uyğun digər geyimləri ayrıca almaq tələb olunursa, həmin pencəyin tez-tez istifadə olunma ehtimalı xeyli azalır", – deyə o fikrini yekunlaşdırıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən