Sitrus meyvələrinin dad və ətrini bu üsulla iki ilədək QORUMAQ OLUR

 09:27 17.08.2026     329

Rusiyalı alimlər sitrus meyvələrinin ən qeyri-sabit dad və ətir komponentlərini iki ilədək qorumağa imkan verən yeni texnologiya hazırlayıblar.

Redaktor.az xəbər verir ki, “Soyuzsnab” şirkətinin mütəxəssisləri limon və portağalın efir yağlarında olan uçucu maddələrin xüsusi qoruyucu mikrokapsul daxilində saxlanmasını təmin edən üsul hazırlayıblar.

Sitrus meyvələrinə xas təzə limon və ya portağal ətrini yaradan uçucu birləşmələr hava ilə təmas zamanı sürətlə buxarlanır və oksidləşir. Bu səbəbdən həmin maddələrin böyük hissəsi məhsul satışa çıxarılana qədər itə bilər.

Yeni texnologiya isə bu komponentləri sadəcə daha çox miqdarda əlavə etmək əvəzinə, onları qoruyaraq istifadə anına qədər saxlamaya imkan verir.

Texnologiya iki mərhələdən ibarətdir. İlk olaraq limon və portağalın efir yağları xüsusi üsulla emal edilir, onların tərkibindəki komponentlər ayrılaraq daha stabil və aromatik tərkib formalaşdırılır. Bu zaman təzə qabıq və şirəli meyvə notlarını gücləndirən maddələr ön plana çıxarılır, tez oksidləşən komponentlərin təsiri isə azaldılır.

Daha sonra əldə edilən tərkib qoruyucu mikrokapsulun içinə yerləşdirilir. Bu örtük maddələrin oksigenlə təmasını və buxarlanmasını məhdudlaşdırır. Məhsul çeynənildikdə və ya suda həll edildikdə isə mikrokapsul parçalanır və qorunan aromatik maddələr eyni anda xaric olur.

Alimlərin fikrincə, bu texnologiya sayəsində istehsalından bir il sonra alınan saqqız belə ilk günkü kimi intensiv sitrus dadı verə, limon içlikli konfet və quru içkilər isə öz təzə dad və ətrini daha uzun müddət qoruya bilər.

Yeni üsulun qənnadı məhsulları, qəlyanaltılar, funksional və idman qidaları, həmçinin tablet şəklində hazırlanan məhsullarda tətbiq oluna biləcəyi bildirilir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən