Şimal dənizində illər sonra ilk dəfə nəhəng tuna balığı tutuldu - FOTOLAR
Təxminən 90 ildən sonra ilk dəfə Şimal dənizində mavi üzgəcli tuna balığı tutulub.
Redaktor.az “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, bazar günü “Dominator” gəmisinin heyəti Şimali Yorkşirdəki Uitbi balıqçılıq limanı yaxınlığında 338 kiloqramlıq tuna balığı tutub.
Balığın tutulması zamanı gəminin bir tərəfə əyildiyi, heyətin isə böyük sevinc yaşadığı bildirilib. Tutulan balığın Britaniya restoranlarına satılacağı qeyd olunub.
Bunun 1939-cu ildən bəri bu ərazidə tutulan ilk tuna balığı olduğu ehtimal edilir. Mavi üzgəcli tuna balıqları 1960-cı illərdə həddindən artıq ovlanma səbəbindən Şimal dənizindən yoxa çıxmışdı.
Qeyd edək ki, 1933-cü ildə Uitbi yaxınlığında 386 kiloqram ağırlığında tuna balığı tutulub. Bu, çubuq və iplə tutulan ən böyük tuna balığı üzrə Britaniya rekordudur.
Son 10 ildə mavi üzgəcli tuna balıqlarının Britaniya adalarının cənub-qərb sahillərinə yenidən qayıtdığı bildirilir. Bu növün sayının artması isə Şimal dənizinin istiləşməsi ilə əlaqələndirilir.
Aytəkin TOFİQQIZI
















