Telefonda daha az vaxt keçirməyin sadə yolu məlum olub

 17:32 20.08.2026     355

İnsanlar telefon istifadəsinə özləri limit qoyduqda ekran qarşısında keçirdikləri vaxtı azaltmaq daha asan olur.

Redaktor.az xəbər verir ki, bu barədə “Social Science & Medicine” jurnalında dərc olunan araşdırmada qeyd edilib.

Araşdırmada 149 könüllü iştirak edib. Onlar 35 gün ərzində üç qrupa bölünüblər. Birinci qrupda iştirakçılar telefon qarşısında keçirdikləri vaxtı özləri 10, 20 və ya 30 faiz azaltmaq məqsədi seçiblər. İkinci qrupa isə 14 faizlik hazır limit təyin edilib. Üçüncü qrupdan isə hər hansı məqsəd qoymaq tələb olunmayıb.

Nəticələr göstərib ki, telefon istifadəsini azaltmaq məqsədini özü müəyyən edən iştirakçılar gündə orta hesabla 49 dəqiqə daha az telefondan istifadə ediblər. Hazır limit tətbiq olunan qrupda isə bu göstərici 23 dəqiqə olub.

Araşdırmada həmçinin müəyyən edilib ki, şəxsin özünün seçdiyi məqsədin təsiri daha uzunmüddətli olub. Təcrübə başa çatdıqdan dörd həftə sonra da həmin iştirakçılar telefonda əvvəlkindən daha az vaxt keçiriblər.

Tədqiqatçılar hesab edirlər ki, insanın məqsədi özü müəyyən etməsi və seçdiyi limitin onun üçün real və əlçatan olması motivasiyanı artırır. Bu səbəbdən şəxsin özünün müəyyən etdiyi məhdudiyyətlər kənardan tətbiq olunan hazır limitlərdən daha effektiv ola bilər.

Mütəxəssislər bu yanaşmanın rəqəmsal asılılığın qarşısının alınması və telefon istifadəsinin daha sağlam səviyyəyə endirilməsi üçün tətbiqlərdə də nəzərə alına biləcəyini bildirirlər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən