“Mənə dedilər ki, missiyamı başa çatdırmadığım üçün geri qayıtmalıyam” - Klinik ölüm yaşayan şəxs
İspaniya sakini Eduardo keçirdiyi ürək dayanmasından sonra qeyri-adi təcrübə yaşadığını iddia edib. O, ölümün yaxınlaşdığını, hətta axirət həyatını gördüyünü bildirib.
Redaktor.az bu haqda "Daily Mirror"a istinadla xəbər verir.
Eduardonun sözlərinə görə, tennis oyunundan sonra qəfil özünü pis hiss edib və ürəyi dayanıb. Həkimlər onun vəziyyətini stabilləşdirmək üçün üç dəfə reanimasiya tədbirləri həyata keçiriblər. Kişi ümumilikdə təxminən bir saat klinik ölüm vəziyyətində olduğunu iddia edir.
O bildirib ki, xəstəxanaya aparılarkən öz bədənindən ayrıldığını və baş verənləri sanki yuxarıdan izlədiyini hiss edib.
Eduardo daha sonra özünü taleyinin həll olunduğu bir məkanda gördüyünü deyib. Onun sözlərinə görə, orada mərhum babası və başqa varlıqlarla qarşılaşıb.
“Mənə dedilər ki, missiyamı başa çatdırmadığım üçün geri qayıtmalıyam”, – deyə o bildirib.
Kişi yaşadıqlarının çox qısa sürdüyünü, lakin olduqca real hiss olunduğunu qeyd edib. Eduardo bunun yuxu olmadığına əmindir.
Maraqlıdır ki, o, indiyədək ürəyinin dayanmasına nəyin səbəb olduğunu bilmədiyini deyir. Eduardo hadisədən əvvəl özünü tam sağlam hesab etdiyini və müntəzəm olaraq tennis oynadığını bildirib.
Aytəkin TOFİQQIZI












