Bu heyvanı saxlamaq uşaqların dərs uğurlarını ARTIRIR
Ev heyvanı, xüsusilə də itlə müntəzəm ünsiyyət məktəblilərin idrak bacarıqlarının inkişafına və tədris göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya baytarlıq üzrə tibb müşaviri, baytarlıq elmləri namizədi İnna Martsinkovskaya məlumat verib.
Onun sözlərinə görə, aparılan çoxsaylı araşdırmalar uşaqların itlə daimi ünsiyyətinin onların idrak qabiliyyətlərinə müsbət təsir göstərdiyini göstərir.
“Ev heyvanlarına ucadan kitab oxuyan uşaqların oxu bacarıqlarının inkişaf etdiyi müəyyən edilib. İtlə qarşılıqlı ünsiyyət zamanı məktəblilər idrak tapşırıqlarını daha sürətli və dəqiq yerinə yetirir, yaddaşlarını məşq etdirir, əşyaları qruplaşdırmağı, təlimatlara əməl etməyi öyrənir, həmçinin hərəkət tələb edən tapşırıqları daha yaxşı yerinə yetirirlər”, - deyə mütəxəssis bildirib.
Baytar qeyd edib ki, 10-14 yaşlı uşaqlarda canlı itin iştirakı zamanı beynin alın payının aktivliyi robot itin olduğu vəziyyətlə müqayisədə daha yüksək olur. Bu isə sinir sisteminin daha fəal işləməsinə və öyrənmə üçün daha əlverişli şəraitin yaranmasına işarə edə bilər.
Mütəxəssisin sözlərinə görə, itlə qısa müddətli ünsiyyət belə stress hormonu hesab olunan kortizolun səviyyəsini azalda bilər. Bununla yanaşı, insanın özünü daha sakit və rahat hiss etməsinə kömək edən oksitosin hormonunun səviyyəsi də arta bilər.
İtlərlə ünsiyyətin müsbət təsiri təkcə məktəblilərdə deyil, tələbələrdə də müşahidə olunur. ABŞ-də bəzi universitet və kolleclərdə xüsusilə imtahan və gərgin tədris dövrlərində tələbələr üçün terapevtik itlərlə görüşlər təşkil edilir.
Mütəxəssislər hesab edirlər ki, dördayaqlı dostlar stressin azalmasına, emosional vəziyyətin yaxşılaşmasına və nəticədə tədris prosesinin daha səmərəli keçməsinə kömək edə bilər.
NURİYYƏ












