İtlər sahiblərinin bu hərəkətini təkrarlayır - Alimlərdən maraqlı NƏTİCƏ
İtlər sahiblərinin göz qırpdığını gördükdə özləri də daha tez-tez göz qırpmağa başlayırlar. Bu reaksiyanın xüsusilə heyvanın tanıdığı insanı müşahidə etdiyi zaman daha güclü olduğu müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, bu qənaətə Parma Universitetinin tədqiqatçıları 35 itin davranışını araşdırdıqdan sonra gəliblər. Araşdırmanın nəticələri "Royal Society Open Science" jurnalında dərc olunub.
Alimlər göz qırpma hərəkətinin insan tərəfindən itlərin davranışına birbaşa təsir edib-etmədiyini müəyyənləşdirmək istəyiblər. Bunun üçün heyvanlara sahibinin və iki tanımadığı şəxsin kameraya baxdığı videolar göstərilib. Videoların bir hissəsində insanlar hər üç saniyədən bir göz qırpıb, digər hissəsində isə ümumiyyətlə göz qırpmayıb.
Müşahidələr zamanı məlum olub ki, insanlar göz qırpdıqda itlər də daha çox göz qırpmağa başlayıb. Bu reaksiya sahiblərini gördükləri zaman yad insanlarla müqayisədə daha çox müşahidə olunub.
Tədqiqatçılar bildiriblər ki, söhbət insanların və itlərin tam eyni anda göz qırpmasından getmir. Daha çox itin göz qırpma tezliyinin qarşısındakı insanın davranışından və ona olan sosial bağlılığından asılı olaraq dəyişdiyi müəyyən edilib.
Alimlərin sözlərinə görə, göz qırpmaq adətən gözlərin nəmləndirilməsi və qorunması üçün avtomatik fizioloji proses hesab olunur. Lakin itlərdə bu hərəkət sosial məna da daşıya bilər. Heyvanlar insanın diqqətində və qarşılıqlı əlaqəsində baş verən dəyişikliklərə şüursuz şəkildə reaksiya göstərə bilərlər.
Bununla belə, tədqiqat müəllifləri itlərin konkret mesaj ötürmək məqsədilə qəsdən göz qırpdığını iddia etmirlər. Bu davranışın ünsiyyət forması, yoxsa insanın verdiyi incə siqnala avtomatik reaksiya olduğu hələlik məlum deyil.
NURİYYƏ













