Kişi və qadınların aqressiv davranışlarındakı fərqlər - ARAŞDIRMA
Alimlər impulsiv qəzəb partlayışı ilə əvvəlcədən planlaşdırılmış aqressiyanın fərqli düşüncə mexanizmləri ilə əlaqəli olduğunu müəyyən ediblər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Deviant Behavior” jurnalında dərc olunub.
Psixoloqlar sosial informasiyanın emalı nəzəriyyəsinə əsaslanaraq, insanın müxtəlif situasiyalara reaksiya verərkən keçdiyi düşüncə mərhələlərini araşdırıblar. Bu mərhələlər vəziyyətdəki siqnalların qiymətləndirilməsi, qarşı tərəfin niyyətinin müəyyənləşdirilməsi, davranışın seçilməsi və onun mümkün nəticələrinin proqnozlaşdırılmasını əhatə edir.
Araşdırma Portuqaliyada yaşayan 278 yetkin şəxsin iştirakı ilə aparılıb.
Nəticələr göstərib ki, reaktiv, yəni impulsiv aqressiya daha çox insanın aqressiv hərəkət edə biləcəyinə dair özünə inamı ilə əlaqəlidir. Əvvəlcədən düşünülmüş və planlaşdırılmış aqressiyanın əsas səbəblərindən biri isə həmin davranışın insana müəyyən fayda gətirəcəyi ilə bağlı gözləntidir.
Tədqiqat zamanı kişi və qadınlar arasında da müəyyən fərqlər aşkar edilib. Məlum olub ki, kişilər orta hesabla aqressiv davranışdan fayda əldə edəcəklərini daha çox gözləyirlər. Qadınlarda isə qarşı tərəfə cavab vermək qabiliyyəti ilə mənəvi məhdudiyyətlər arasında müəyyən daxili ziddiyyət müşahidə olunub. Alimlər bunun tərbiyə və sosial yanaşmalardakı fərqlərlə bağlı ola biləcəyini bildiriblər.
Portu Universitetindən Mariana Sebastian Maşadunun rəhbərlik etdiyi tədqiqatçılar qeyd ediblər ki, aqressiyanın müxtəlif formalarını yaradan düşüncə mexanizmlərinin müəyyənləşdirilməsi onun qarşısının alınması baxımından vacibdir. Onların fikrincə, impulsiv və planlaşdırılmış aqressiya ilə mübarizədə fərqli yanaşmalardan istifadə edilməlidir.
Bununla yanaşı, araşdırma müəllifləri bildiriblər ki, tədqiqatda iştirak edən şəxslərin sayı nisbətən az olub və iştirakçıların böyük hissəsini gənc, təhsilli insanlar təşkil edib. Buna görə də nəticələrin daha geniş əhali qrupları üzərində aparılacaq araşdırmalarla təsdiqlənməsinə ehtiyac var.
Tədqiqat göstərir ki, aqressiv davranışın arxasında təkcə insanın “tez əsəbiləşən xarakteri” deyil, müxtəlif düşüncə və davranış mexanizmləri də dayanır.
NURİYYƏ













