Milyonçudan maraqlı açıqlama: “Ailədə bahalı hədiyyələrə ehtiyac yoxdur”
Amerikalı iş adamı, milyonçu Ceyms Duli xoşbəxt evliliyin sirri ilə bağlı maraqlı fikirlərini bölüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
Duli 16 ildir Kerri adlı qadınla evli olduğunu bildirib. Cütlüyün yaşı 5-dən kiçik olan üç övladı var.
İş adamının fikrincə, xoşbəxt ailə həyatının əsas qaydalarından biri iş vaxtı bir-birini narahat etməməkdir. O deyib ki, işləyərkən diqqətini işinə yönəltməyə çalışır və yalnız ciddi bir vəziyyət yaranarsa, həyat yoldaşı ilə əlaqə saxlayır.
Duli həmçinin hesab edir ki, ailədə bahalı hədiyyələrə ehtiyac yoxdur. Onun sözlərinə görə, qayğı və birlikdə keçirilən vaxt istənilən maddi hədiyyədən daha dəyərlidir.
İş adamı ailədə pul haqqında çox danışmamağa da çalışdığını bildirib. O, uşaqlarının ərköyün böyüməsini istəmir və onların gələcəkdə uğurlarını öz zəhmətləri ilə qazanmalarının vacib olduğunu düşünür.
Dulinin digər maraqlı qaydası isə həyat yoldaşlarının bir-birinin şəxsi ritminə hörmət etməsidir. O bildirib ki, bəzən gecə saat 1-də oyanaraq işləməyə başlayır və həyat yoldaşı buna normal yanaşır.
Aytəkin TOFİQQIZI













