Məzuniyyətdən sonra işə stresssiz qayıtmağın YOLLARI

 12:42 02.09.2026     285

Məzuniyyətdən sonra işə qayıdışın əlavə stressə çevrilməməsi üçün insan özünə uyğunlaşmaq üçün vaxt verməli və əvvəlki iş tempinə tədricən qayıtmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə klinik psixoloq, sxematerapevt Natalya Joludeva “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, məzuniyyətdən sonra ilk iş günlərində özündən yüksək məhsuldarlıq gözləmək düzgün deyil. Psixikanın yeni rejimə uyğunlaşması üçün müəyyən müddət tələb olunur.

Mütəxəssis ilk bir neçə iş gününü keçid dövrü kimi qəbul etməyi və məzuniyyət müddətində yığılan bütün işləri dərhal həll etməyə çalışmamağı tövsiyə edib.

Psixoloq əvvəlcə ümumi vəziyyəti qiymətləndirməyi, daha sonra isə 2-3 əsas və təxirəsalınmaz işi müəyyənləşdirərək tədricən adi iş tempinə qayıtmağı məsləhət görüb.

Joludeva həmçinin işə qayıtdıqdan sonra insanın özünə xoş vaxt ayırmasının vacib olduğunu vurğulayıb. Gəzinti, idman, ailə ilə vaxt keçirmək, dostlarla görüşmək və ya yaxşı şam yeməyi kimi fəaliyyətlərin iş günlərinin yalnız rutinə çevrilməsinin qarşısını ala biləcəyini bildirib.

Psixoloq qeyd edib ki, işləmək istəməmək hissi uzun müddət davam edərsə, bunu görməzlikdən gəlmək əvəzinə səbəbini araşdırmaq lazımdır. Buna iş yükü, iş yerində münasibətlər, gördüyü işdə məna tapa bilməmək və ya fəaliyyətin şəxsi dəyərlərlə uyğun gəlməməsi səbəb ola bilər.

Ekspert bunun işin özündən, yoxsa müəyyən narahatedici amillərdən qaynaqlandığını anlamaq üçün sadə bir üsul da təklif edib. İşdə insanı ən çox yoran və qıcıqlandıran üç amilin aradan qalxdığını təsəvvür etmək tövsiyə olunur. Bu halda işə qayıtmaq istəyi yaranarsa, problemin işin özündə deyil, konkret amillərdə olması mümkündür.

Əksinə, həmin amillər aradan qalxdıqdan sonra belə işə qayıtmaq istəyi yoxdursa, insanın hazırkı işinin ona uyğun olub-olmadığını və nəyi dəyişmək istədiyini düşünməsi məsləhət görülür.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən