“Gecəquşları” narahatlıq və depressiyaya daha MEYİLLİDİR

 15:20 04.09.2026     301

Gec yatmağa və səhər gec oyanmağa meyilli insanlar, yəni “gecəquşları”, erkən yatıb erkən oyananlarla müqayisədə narahatlıq və depressiya əlamətləri ilə daha çox qarşılaşırlar.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Sleep Health” jurnalında dərc olunub.

Xronotip insanın səhər və ya axşam saatlarında daha aktiv olmağa olan bioloji meylidir. Alimlər uzun müddətdir xronotiplə psixi sağlamlıq arasında əlaqənin olduğunu ehtimal etsələr də, bunun hansı mexanizmlə baş verdiyi tam aydın deyildi.

Şərqi Finlandiya Universitetinin İlonа Merikantonun rəhbərliyi ilə apardığı araşdırmada 2266 işləyən fin iştirak edib. Onlar “səhərquşları”, “gecəquşları” və aralıq xronotip olmaqla üç qrupa bölünüb.

İştirakçılarda narahatlıq və depressiya əlamətləri, işdən sonra zehni olaraq uzaqlaşmaq və bərpa olunmaq qabiliyyəti, həmçinin işlə bağlı məsələlərin şəxsi həyata təsiri qiymətləndirilib.

Nəticədə məlum olub ki, psixi sağlamlıqla bağlı problemlər xüsusilə gecə saatlarında aktiv olan insanlarda daha qabarıq özünü göstərir.

Alimlər müəyyən ediblər ki, bunun əsas səbəbi qeyri-sağlam həyat tərzi deyil. Müxtəlif xronotiplərə sahib insanların vərdişləri onların psixoloji vəziyyətindəki fərqi izah etməyib.

Əsas əlaqələndirici amil işdən sonra bərpa olunmaq qabiliyyətinin zəif olmasıdır. “Gecəquşları” işdən sonra dincəlməkdə daha çox çətinlik çəkir və uzun müddət iş gərginliyinin təsiri altında qalırlar.

Tədqiqatın müəllifləri bu insanlarda istirahət və bərpa prosesinə xüsusi diqqət yetirilməsini, mümkün olduğu hallarda isə daha çevik iş qrafiklərinin tətbiq edilməsini tövsiyə edirlər.

Alimlərin fikrincə, işəgötürənlərin əməkdaşların xronotiplərini nəzərə alması erkən iş rejiminə uyğunlaşmaq məcburiyyətində qalan insanların narahatlıq və depressiya riskinin azalmasına kömək edə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən