106 yaşlı kişi uzunömürlülüyünün sirrini açıqladı: “Tərs qrafik”lə yaşayır

 17:45 14.09.2026     402

106 yaşlı çinli Vanq Dinqao uzunömürlülüyünün sirrini açıqlayıb.

Redaktor.az “South China Morning Post”a istinadla məlumat verir ki, Zhejiang əyalətində yaşayan Dinqao özünün “tərs qrafik” adlandırdığı rejimlə yaşayır. O, saat 16:00-17:00 radələrində yatır, gecə saat 1-də oyanır, saat 3-də səhər yeməyi yeyir və daha sonra gəzintiyə çıxır.

Yaşına və eşitmə qabiliyyətinin qismən zəifləməsinə baxmayaraq, 106 yaşlı kişi gündəlik işlərini özü görür. O, paltarlarını yuyur, çimir və hətta tikiş tikir. Oğlu da atasının bu qeyri-adi rejiminə çoxdan öyrəşib və hər səhər onun üçün səhər yeməyi hazırlayır.

Dinqao uzun ömrünü müsbət düşüncə tərzi, ailə bağları, işləməyə və öyrənməyə həvəsli olması ilə əlaqələndirir. Cəmi dörd il təhsil alan 106 yaşlı kişi gəncliyində kənd kassiri işləyib. Boş vaxtlarında isə yemək bişirməyi, bambukdan müxtəlif əşyalar hazırlamağı və düyüdən fiqurlar düzəltməyi öyrənib.

Onun həyat yoldaşı ilə münasibətləri də diqqət çəkib. Oğlu atasının sakit və mülayim, anasının isə daha əsəbi olduğunu deyib. Anası əsəbiləşəndə Dinqao onunla mübahisə etməyib, əksinə, sakitləşməsi üçün ona bir fincan ilıq su verib.

Həyat yoldaşının ölümündən sonra Dinqao özünə qapanıb və səhhəti də pisləşib. Lakin oğlunun dəstəyi ilə tədricən əvvəlki vəziyyətinə qayıdıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən