Klinik ölüm keçirən qadın gördüklərini danışdı: “Mələklə qarşılaşdım”
ABŞ sakini Vanya Valtriani 2014-cü ildə keçirdiyi klinik ölüm təcrübəsindən danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Valtrianinin sözlərinə görə, hadisə ailə şənliyi zamanı baş verib. O, qohumları ilə rəqs edərkən başında kəskin ağrı hiss edib və huşunu itirib. Xəstəxanaya çatdırılan qadına hemorragik insult diaqnozu qoyulub və o, həyat dəstəyinə qoşulub. Valtriani komaya düşüb və həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Qadın komada olduğu müddətdə fərqli bir yerdə olduğunu iddia edib. Onun sözlərinə görə, həmin vaxt mərhum atasını görüb və onunla zehni şəkildə ünsiyyət qurub. Valtriani atasını gənc, ətrafı işıqla əhatə olunmuş və üzündə sevgi ilə sakitlik ifadəsi olan biri kimi təsvir edib.
Daha sonra bir mələklə qarşılaşdığını deyən qadın onun hündürboylu, şabalıdı saçlı və qəhvəyi gözlü olduğunu bildirib. Valtrianinin sözlərinə görə, mələk ona hər şeyin yaxşı olacağına söz verib və daha sonra yoxa çıxıb.
Qadın bir müddət sonra ağrılarının keçdiyini və özünə gəldiyini deyib. O, komadan oyandıqdan sonra ana dili olan portuqal dilini unutduğunu və dili yenidən öyrənməli olduğunu bildirib.
Valtriani həkiminin onun sağalmasını “möcüzə” adlandırdığını və başına gələnləri izah etməkdə çətinlik çəkdiyini söyləyib.
Onun sözlərinə görə, bu hadisədən sonra həyata baxışı dəyişib. Valtriani uğursuzluqlar barədə narahat olmağı dayandırdığını, sağlamlığına daha çox diqqət yetirdiyini, idman zalına getməyə və qidalanmasına nəzarət etməyə başladığını qeyd edib.
Aytəkin TOFİQQIZI













