Payızda hansı zinət əşyalarına üstünlük vermək lazımdır? - Stilistdən MƏSLƏHƏT

 14:20 17.09.2026     55

Payızın gəlişi ilə yalnız geyim qarderobu deyil, onun rəng palitrası da dəyişir. Açıq və pastel tonları daha dərin şokolad, bordo, zeytun, terrakota, xardal və krem rəngləri əvəz edir. Bu mövsümdə zinət əşyalarının düzgün seçilməsi də geyim tərzini tamamlayan əsas detallardan biri hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə “585 Zolotoy”un stilisti Yekaterina Fomina “Gazeta.Ru”ya danışıb.

Stilist payız qarderobu üçün qranat qaşlı zinət əşyalarını tövsiyə edib. Onun sözlərinə görə, qranat dərin şərab çaları ilə payız üçün ən uyğun daşlardan biridir. Bu daş bordo, gavalı, şokolad və tünd qırmızı rənglərlə xüsusilə yaxşı uyğunlaşır.

Fominanın sözlərinə görə, qranat qaşlı zinət əşyalarını qalın trikotaj, yun və dəri geyimlərlə birləşdirmək olar. Kiçik sırğa və ya üzük gündəlik görünüş üçün, iri kulon və ya bir neçə qaşdan ibarət zinət əşyası isə axşam geyimi üçün uyğun seçimdir. Qranatı yalnız isti rənglərlə deyil, boz, süd rəngi və qara geyimlərlə də birləşdirmək mümkündür.

Stilist zümrüdün də payız rəng palitrasına uyğun gəldiyini bildirib. Onun fikrincə, zümrüd qəhvəyi, bej, krem və tünd göy rənglərlə xüsusilə effektli görünür. Bu seçim sakit tonlardan ibarət qarderoba həddindən artıq parlaq rənglər əlavə etmədən rəng qatmaq istəyənlər üçün uyğundur.

Fomina payız geyimlərində neytral rənglərə üstünlük verənlərə yaqut qaşlı zinət əşyalarını seçməyi məsləhət görüb. Onun sözlərinə görə, tünd qırmızı yaqut istənilən görünüşü daha parlaq və diqqətçəkən edə bilər. Harmonik görünüş yaratmaq üçün kəmər, ayaqqabı, çanta və ya əlcək kimi detallarda yaqutun qırmızı çalarlarını təkrarlamaq mümkündür.

Ekspert həmçinin payızda sitrin və kəhrəba qaşlı zinət əşyalarından istifadə etməyi tövsiyə edib. Bal rəngli və qızılı-sarı sitrin xardal, karamel, terrakota, bej və şokolad tonları ilə yaxşı uyğunlaşır. Kəhrəbanın bal, konyak və qızılı çalarları isə tünd yaşıl, bordo, qəhvəyi və süd rəngləri ilə ahəng təşkil edir.

Stilist son olaraq aqat qaşlı zinət əşyalarına diqqət çəkib. Xüsusilə qara aqatın payız qarderobu üçün universal seçim olduğunu bildirib. Bu daş süd rəngindən və bejdən tutmuş şokolad, bordo və tünd yaşıl tonlara qədər mövsümün demək olar ki, bütün rəngləri ilə uyğunlaşır.

Fominanın sözlərinə görə, qara aqatlı zinət əşyaları həm gündəlik trikotaj geyimlərlə, həm də daha ciddi işgüzar dəstlərlə istifadə oluna bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən