Astronomlar yaşı 1 milyon ildən az olan planet kəşf ETDİLƏR
Astronomlar yaşı 1 milyon ildən az olan planet aşkar ediblər. Bu, indiyədək məlum olan ən gənc planet hesab olunur.
Redaktor.az xəbər verir ki, araşdırma Çilidəki Dieqo Portales Universitetinin alimləri tərəfindən aparılıb və nəticələr “The Astrophysical Journal Letters” jurnalında dərc olunub.
Tədqiqatçılar Elias 2-24 b adlı qaz nəhənginin hələ də onu əhatə edən qaz və toz diskində hərəkət etdiyini müəyyən ediblər. Yerdən təxminən 450 işıq ili uzaqlıqda yerləşən planet kütləsinə görə Yupiterlə müqayisə edilə bilər.
Astronomların sözlərinə görə, planet ulduzunun ətrafındakı diskdə yaranmış boşluğun daxilində yerləşir. Alimlər hesab edirlər ki, belə boşluqlar planetlərin böyüməsi prosesində onların özləri tərəfindən formalaşır.
Elias 2-24 sistemindəki bu sirli bölgə təxminən 10 ildir astronomların diqqətindədir. Daha əvvəl ALMA teleskopu ulduzun ətrafındakı qaz və toz diskində qeyri-adi boşluq aşkar edib. Avropa Cənub Rəsədxanası isə həmin boşluqda zəif işıq mənbəyi qeydə alıb.
Lakin alimlər uzun müddət bunun planet olduğunu təsdiqləyə bilməyiblər. Çünki mövcud modellərə əsasən, Yupiterə bənzər qaz nəhənglərinin formalaşması üçün 5 milyon ildən çox vaxt tələb olunur. Bundan başqa, aşkarlanan obyekt ulduzundan Yerin Günəşdən olan məsafəsindən 55 dəfə uzaqda yerləşir.
Məsələyə aydınlıq gətirmək üçün tədqiqatçılar 2018 və 2020-ci illərdə əldə edilmiş arxiv görüntülərini müqayisə ediblər. Obyektin hərəkətini izləyən alimlər onun optik cihazın yaratdığı işıq əksi və ya uzaqdakı başqa ulduz olmadığını müəyyənləşdiriblər.
Astronomlar yeni nəsil “Nancy Grace Roman Space Telescope” kosmik teleskopunun bu cür gənc planetlərin öyrənilməsinə imkan yaradacağına ümid edirlər. Tədqiqatçıların fikrincə, bu müşahidələr planetlərin və Günəş sistemlərinin necə formalaşdığını daha yaxşı anlamağa kömək edə bilər.
NURİYYƏ













