Dünyanın ən bahalı PİŞİKLƏRİ

 17:00 19.09.2026     96

Bəzi cins pişiklərin qiyməti yaxşı avtomobilin dəyərinə çata, hətta onu keçə bilər. Ayrı-ayrı pişik balaları üçün on minlərlə dollar tələb olunur. Qiymətə cinsin nadirliyi, xarici görünüşü, mənşəyi, valideynlərinin titulları və yetişdirilməsinin çətinliyi təsir edir.

Redaktor.az xəbər verir ki, dünyanın ən bahalı pişik cinsləri arasında ilk sıralarda aşera yer alır. Bu cinslə bağlı əvvəllər ciddi qalmaqal da yaşanıb. Satıcılar aşera pişiklərini ev pişikləri ilə vəhşi əcdadların unikal hibridi kimi təqdim edərək onların qiymətini 75-125 min dollar arasında müəyyənləşdiriblər. Lakin sonradan aparılan genetik araşdırmalar müsadirə edilən bəzi heyvanların başqa bir xəttə aid olduğunu göstərib. Üstəlik, rəsmi felinoloji təşkilatlar aşeranı ayrıca müstəqil pişik cinsi kimi tanımır.

Bahalı cinslər arasında növbəti yerlərdən birini savanna tutur. Ev pişiyi ilə Afrika servalının hibridi olan bu cinsin qiyməti təxminən 1500 dollardan başlayır və 20 min dolları keçə bilir. Vəhşi əcdad xüsusiyyətlərinin daha qabarıq göründüyü erkən nəsil savanna balaları xüsusilə baha satılır. Savannalar iri ölçüləri və davranış xüsusiyyətləri ilə də fərqlənir. Buna görə bəzi ölkələrdə bu cinsin saxlanılması üçün xüsusi icazə tələb oluna bilər. Siyahıda üçüncü pillədə Tayland mənşəli kao-mani cinsi yer alır. Ağappaq tükləri ilə tanınan bu pişiklərin ən diqqətçəkən xüsusiyyətlərindən biri göz rəngləridir. Bəzən eyni pişiyin iki gözü müxtəlif rəngdə olur.

“Kao-mani” adı “ağ qiymətli daş” mənasını verir. Bu cinsdən olan pişik balasının qiyməti 11 min dollara çata bilər. Buna səbəblərdən biri Taylanddan kənarda kao-mani yetişdirən ixtisaslaşmış mərkəzlərin sayının az olmasıdır.

Bahalı pişiklər sırasında sfinks də var. Tüksüz görünüşü ilə seçilən bu cinsin qiyməti 6 min dollara qədər yüksələ bilər. Xarakterik bəbir naxışlarını xatırladan tükləri ilə tanınan benqal pişikləri isə 5 min dollara qədər qiymətləndirilə bilər.

Dünyanın bahalı pişik cinsləri siyahısına fars pişiyi, toyger, peterbold, şotland sallanqulaq, Sibir pişiyi, meyn-kun, reqdoll, rus mavisi, Britaniya qısatüklüsü və Amerika kerli də daxildir. Bu cinslərin qiyməti nəsil şəcərəsi, rəng, nadirlik və sərgi standartlarına uyğunluqdan asılı olaraq bir neçə yüz dollardan bir neçə min dollara qədər dəyişir./lent.az

Vumart və Güvən reklamı Vumart Güvən