Çində XIII-XV əsrlərdə mal-qara oğurluğuna görə burun kəsilib - Alimlərdən SÜBUT

 15:22 22.09.2026     153

Çinli alimlər mal-qara oğurluğuna görə burunun kəsilməsi ilə bağlı ilk arxeoloji sübutu aşkarlayıblar. Sübutlar təxminən 1298–1404-cü illərdə yaşamış qadının skeletində aşkar edilib.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Archaeological Science: Reports" jurnalında dərc olunub.

Alimlər qadının kəlləsində burun sümüklərinin ciddi zədələndiyini, burun dəliyinin yerləşdiyi hissənin genişləndiyini və sümük çıxıntılarının yarandığını müəyyənləşdiriblər. Zədələrin qadın sağ ikən sağalması onun travmadan bir neçə il sonra öldüyünü göstərir.

Tədqiqatçılar xəstəlik nəticəsində belə zədələnmənin baş verməsi ilə bağlı əlamət aşkar etməyiblər. Buna görə də burunun məcburi şəkildə kəsilməsini ən ehtimal olunan səbəb hesab edirlər. Bununla belə, ağır travma ehtimalını tamamilə istisna etməyin mümkün olmadığını vurğulayırlar.

Burun kəsmə cəzasının Çində qədim dövrlərdən mövcud olduğu bildirilir. Bu cəza “beş cəza” sisteminə daxil olub. Yuan sülaləsi dövrünün qanunlarında isə iri mal-qaranın oğurlanmasına görə burunun kəsilməsi nəzərdə tutulurdu.

Maraqlıdır ki, qadın üzüaşağı vəziyyətdə dəfn edilib. Bu, həmin qəbiristanlıqda aşkar edilən yeganə belə dəfn olub. Alimlər qeyri-adi dəfn üsulunun onun məhkum statusu ilə əlaqəli ola biləcəyini ehtimal edirlər, lakin bunun səbəbini dəqiq müəyyənləşdirmək mümkün deyil.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən