Dəvə südünün faydası ilə bağlı yeni ARAŞDIRMA

 08:48 29.09.2026     94

Dəvə südü yüksək yağlı qidalanmanın yaratdığı bəzi metabolik pozğunluqları azalda bilər.

Redaktor.az xəbər verir ki, alimlər bu nəticəyə siçanlar üzərində apardıqları araşdırma zamanı gəliblər. Tədqiqatın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Araşdırma çərçivəsində siçanlara yeddi həftə ərzində normal və ya yüksək yağlı qida verilib. Yüksək yağlı qidalanan heyvanların bir hissəsinə isə əlavə olaraq dəvə südü verilib.

Nəticələr göstərib ki, dəvə südü qəbul edən siçanlarda bədən çəkisi və yağ toxumasının miqdarı yalnız yüksək yağlı qida ilə qidalanan heyvanlarla müqayisədə daha az olub. Həmçinin onların qanında triqliseridlərin və "pis" LDL xolesterolun səviyyəsi aşağı düşüb.

Dəvə südünün qaraciyərdə yağ yığılmasını azaltdığı və yüksək yağlı pəhrizin pozduğu bağırsaq mikroflorasının tərkibini qismən bərpa etdiyi də müəyyənləşdirilib. Bundan əlavə, metabolik proseslərdə rol oynayan qısa zəncirli yağ turşularının bağırsaqdakı səviyyəsinin artdığı müşahidə olunub.

Alimlərin fikrincə, dəvə südünün bu təsiri bağırsaq mikroflorasına və qaraciyərdə lipid mübadiləsinə eyni vaxtda təsir göstərməsi ilə əlaqəli ola bilər.

Lakin tədqiqatın yalnız siçanlar üzərində aparıldığı nəzərə alınmalıdır. Buna görə də dəvə südünün insanlarda piylənmə və metabolik pozğunluqlara təsiri ilə bağlı nəticə çıxarmaq üçün əlavə araşdırmalara ehtiyac var.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən