İt zəhərli göbələk yeyərsə nə etmək lazımdır? - Baytardan XƏBƏRDARLIQ
Meşədə gəzinti zamanı it zəhərli və ya naməlum göbələk yeyərsə, simptomların ortaya çıxmasını gözləmək olmaz. Belə halda dərhal baytarlıq klinikası ilə əlaqə saxlamaq və heyvanı həkimə çatdırmaq lazımdır. Çünki bəzi göbələk toksinlərinin təsiri gecikmiş şəkildə ortaya çıxa bilər.
Redaktor.az xəbər verir ki, bu barədə baytarlıq elmləri doktoru, professor, ROSBİOTECH Universitetinin Tətbiqi və Fundamental Baytarlıq Təbabəti kafedrasının professoru Andrey Rudenko məlumat verib.
Ekspertin sözlərinə görə, sahibinin ilk işi itin göbələklərə çıxışını dayandırmaqdır. Bunun üçün heyvanı qayışa keçirərək göbələk olan ərazidən uzaqlaşdırmaq lazımdır. Əgər itin ağzında aydın görünən göbələk parçaları qalıbsa və onları təhlükəsiz şəkildə çıxarmaq mümkündürsə, ehtiyatla təmizləmək olar.
Lakin itin ağzının dərinliyinə əllə baxmaq və barmaqları içəri salmaq olmaz. Bu, göbələk qalıqlarının daha da dərinə getməsinə və ya sahibinin itin dişləməsinə səbəb ola bilər.
Daha sonra yaxınlıqdakı fəaliyyət göstərən baytarlıq klinikasına zəng edərək mümkün zəhərlənmə barədə məlumat vermək və heyvanı təcili qəbul edib-etmədiklərini dəqiqləşdirmək lazımdır. Baytara itin təxmini çəkisi və yaşı, hadisənin nə vaxt baş verdiyi, nə qədər göbələk yediyi və hər hansı simptomun olub-olmaması barədə məlumat verilməlidir.
Mümkündürsə, yeyilən göbələyin qalıqlarını da özünüzlə aparmaq məsləhətdir. Ərazidə həmin göbələyə bənzər başqa nümunə varsa, onu saplağın dib hissəsi də daxil olmaqla bütöv şəkildə toplamaq və ayrıca kağız paketə qoymaq olar. Göbələyin üst, alt və yan tərəfdən fotolarını çəkmək də faydalıdır. Lakin nümunə toplamaq üçün baytar həkimə getməyi gecikdirmək olmaz.
Baytar xüsusilə ev şəraitində müalicəyə cəhd etməmək barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, itə süd, yağ, spirt, duz və ya kalium permanqanat məhlulu vermək olmaz. Həmçinin baytarın birbaşa göstərişi olmadan hidrogen peroksidlə və ya başqa üsullarla qusdurmağa çalışmaq təhlükəlidir.
Xüsusilə qıcolma keçirən və ya şüuru pozulan heyvana qusdurucu vasitələr vermək ciddi risk yaradır. Bu zaman mədənin möhtəviyyatı tənəffüs yollarına düşə bilər.
Aktivləşdirilmiş kömür və digər sorbentləri də baytar məsləhəti olmadan vermək tövsiyə edilmir.
Göbələyin növündən asılı olaraq zəhərlənmənin əlamətləri dəyişə bilər. İtdə ağız suyunun artması, qusma, ishal, halsızlıq, titrəmə, qıcolma və tənəffüs pozğunluğu müşahidə oluna bilər. Amatoksinlərlə zəhərlənmə zamanı ilk simptomlar 6–24 saat sonra ortaya çıxa bilər. Bu müddətdə heyvanın vəziyyətinin müvəqqəti yaxşılaşması təhlükənin aradan qalxdığı anlamına gəlmir.
Əgər yolda itin qıcolması başlayarsa, onun ətrafında təhlükəsiz və boş məkan yaratmaq, ağzını zorla açmamaq və ağzına heç nə qoymamaq lazımdır.
Ekspertin sözlərinə görə, göbələk mövsümündə itin zəhərli göbələk yeməsinin qarşısını almaq üçün heyvanı diqqətlə nəzarətdə saxlamaq və “burax” komandası üzərində işləmək lazımdır. İtin zəhərli göbələyi qoxusuna görə ayırd edə biləcəyinə güvənmək olmaz.
NURİYYƏ













