Musiqi terapiyası alkoqol və narkotiklərə olan istəyi azalda bilər

 21:15 02.10.2026     129

Musiqi terapiyasının asılılıqdan müalicə alan insanlarda alkoqol və narkotik maddələrə olan istəyi azalda biləcəyi müəyyənləşib. Məşğələlərdən dərhal sonra iştirakçılar istəklərinin zəiflədiyini bildiriblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Addiction Neuroscience” jurnalında dərc olunub.

İngiltərənin Anglia Ruskin Universitetinin Kembric Musiqi Terapiyası Araşdırmaları İnstitutunun alimləri alkoqol və narkotik asılılığından müalicə alan 16 yetkin şəxsi müşahidə ediblər. İştirakçılar əsas müalicə ilə yanaşı, altı həftə ərzində həftədə bir dəfə musiqi terapiyası seanslarında iştirak ediblər. Onlar məşğələlər zamanı baraban, gitara, klavişli alətlər və zərb alətlərindən istifadə ediblər.

Məşğələlərdən sonra iştirakçılar xüsusi şkala üzrə maddəyə olan istəklərinin azaldığını qeyd ediblər. Elektroensefaloqrafiya (EEQ) nəticələri isə beyində də müəyyən dəyişikliklərin baş verdiyini göstərib. Xüsusilə beynin frontal nahiyələrində beta diapazonunda aktivliyin azalması və emosiyaların tənzimlənməsi ilə əlaqələndirilən frontal alfa asimmetriyasında dəyişikliklər qeydə alınıb.

Alimlərin sözlərinə görə, maddəyə olan güclü istək asılılığın müalicəsi zamanı yenidən istifadəyə qayıtmanın əsas amillərindən biridir. Bu baxımdan, onun azaldılmasına kömək edən təhlükəsiz üsullar əhəmiyyət daşıyır.

Musiqi terapiyasının əsas müalicəyə əlavə vasitə kimi tətbiq oluna biləcəyi bildirilir. Bununla belə, tədqiqatda cəmi 16 nəfərin iştirak etməsi və təsirin yalnız seansdan dərhal sonra ölçülməsi nəticələrin uzunmüddətli təsirini müəyyənləşdirməyə imkan vermir. Tədqiqatçılar daha geniş qruplar üzərində əlavə araşdırmaların aparılmasının vacibliyini vurğulayıblar.

Musiqi terapiyası insultdan sonrakı reabilitasiya, təşviş və demensiya kimi müxtəlif vəziyyətlərin müalicəsində də tətbiq olunur. Asılılıq sahəsində isə bu metodun insanlara çətin emosiyaları ifadə etmək və stresslə mübarizə aparmaqda dəstək ola biləcəyi qeyd edilir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən