Avropanın hansı dənizləri süni işıq çirklənməsinin təhlükəsi ilə üz-üzədir? - ARAŞDIRMA
Plimut Universitetinin britaniyalı alimləri Avropada süni işıq çirklənməsinin dəniz ekosistemləri üçün yaratdığı təhlükəni araşdırıblar.
Redaktor.az xəbər verir ki, tədqiqatçılar şəhərlərin gecə işıqlarının və neft platformalarındakı süni işıqlandırmanın dənizin dərinliklərinə qədər nüfuz etdiyini və canlıların təbii həyatına mənfi təsir göstərdiyini müəyyən ediblər. Araşdırmanın nəticələri “Ocean & Coastal Management” jurnalında dərc olunub.
Alimlər sahilyanı şəhərlərin işıq intensivliyini və suyun şəffaflığını nəzərə alan yeni qiymətləndirmə sistemi hazırlayıblar. Məlum olub ki, bir neçə tərəfdən quru ilə əhatələnən qapalı su hövzələri süni işıqlandırmanın təsirinə daha çox məruz qalır.
Ən riskli ərazilər sırasında Adriatik, Baltik və Aralıq dənizinin qərb hissəsi göstərilib. Açıq su hövzələri, o cümlədən Barens dənizi və Makaroneziya isə nisbətən təhlükəsiz hesab olunur.
Bununla yanaşı, əvvəlcə daha əlverişli vəziyyətdə olduğu düşünülən Şimal dənizinin də ciddi miqdarda süni işığa məruz qaldığı müəyyən edilib. Buna əsas səbəb kimi burada yerləşən neft və qaz infrastrukturu göstərilir.
Tədqiqatın aparıcı müəllifi doktor Tomas Devis bildirib ki, işıq çirklənməsi bir çox mühüm sahilyanı növə ciddi təsir göstərir. Onun sözlərinə görə, bu təhlükənin konkret tədbirlərə çevrilməsi vacibdir.
Alimlər qeyd edirlər ki, gecə vaxtı süni işıq dəniz canlılarının davranışlarını dəyişdirə, onları çaşdıra və təbii qida zəncirlərini poza bilər. Uzun müddət bu amil dəniz ekosistemləri üçün ekoloji təhlükələr sırasında lazımi səviyyədə nəzərə alınmayıb.
Tədqiqatçılar problemin qarşısını almaq üçün sahilyanı ərazilərdə işıqlandırmanın azaldılmasını və lampaların işıq spektrinin dəyişdirilməsini təklif edirlər. Bununla yanaşı, turizm bölgələrində xüsusi “qaranlıq ərazilərin” yaradılması da tövsiyə olunur.
NURİYYƏ













