104 yaşlı tısbağa əməliyyat OLUNACAQ

 10:24 12.10.2026     74

Kanadada yerləşən Halifax Təbiət Tarixi Muzeyinin sevimli sakini, 104 yaşlı Qus adlı tısbağa sidik kisəsindəki daşın çıxarılması üçün əməliyyat olunacaq. Dünyanın ən yaşlı gopher tısbağası hesab edilən Qus əməliyyatdan əvvəl dünyanın müxtəlif ölkələrindən dəstək mesajları və şəfa arzuları alır. Əməliyyatdan sonra onun bir neçə həftə ərzində ziyarətçilərlə gündəlik gəzintiləri dayandırılacaq.

Redaktor.az xəbər verir ki, muzeyin rəhbəri Ceff Qrey əməliyyat barədə məlumat yayılandan bəri Qus üçün yüzlərlə məktub, şəfa arzusu yazılmış açıqca və müxtəlif sənət əsərləri göndərildiyini bildirib. Muzeyin sosial şəbəkə hesablarına isə Kanada ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən minlərlə dəstək mesajı daxil olub.

Qreyin sözlərinə görə, insanlar Qusla uzun illərə söykənən xüsusi bağlılıq qurublar. Uşaqlıqda onu görməyə gələnlər indi öz övladları və nəvələri ilə muzeyə qayıdırlar. Bu səbəbdən tısbağa bir çox insan üçün xoş xatirələrin və nostaljinin simvoluna çevrilib.

1922-ci ildə yumurtadan çıxdığı güman edilən Qus dünyanın məlum olan ən yaşlı gopher tısbağasıdır. O, 1942-ci ildə muzeyin keçmiş direktorlarından biri tərəfindən ABŞ-nin Florida ştatından 5 dollara alındıqdan sonra müəssisənin sakininə çevrilib.

Havanın isti olduğu günlərdə ziyarətçilər Qusun otlu ərazidə gəzintisini izləyə, soyuq və yağışlı havalarda isə onun qapalı məkandakı hərəkətlərini müşahidə edə bilirlər. Tısbağa təkcə yerli sakinlərin deyil, Men ştatından və hətta Almaniyadan gələn tələbə mübadilə proqramı iştirakçılarının da marağına səbəb olur. Onu ilk dəfə görən ziyarətçilər Qusun çiyələk, kahı və banan yeməsini maraqla izləyir, əməliyyatının uğurlu keçməsini arzulayırlar.

Baytarlar Qusun sidik kisəsindəki daşı ilk dəfə 2009-cu ildə aşkarlayıblar. Son müayinələr zamanı daşın böyüdüyü və ətraf toxumalara təzyiq göstərməyə başladığı müəyyən edilib.

Muzey rəhbəri Ceff Qrey bildirib ki, 2009-cu ildə daşı çıxarmaq üçün tısbağanın zirehinin xüsusi alətlə deşilməsi tələb olunurdu. Lakin baytarlıq cərrahiyyəsində əldə olunan irəliləyişlər sayəsində bu dəfə daşın Qusun ayağının yaxınlığında açılacaq kiçik kəsik vasitəsilə çıxarılması mümkün olacaq.

Qus hazırda ağrı əlamətləri göstərməsə də, müdaxilə edilmədiyi təqdirdə daşın digər orqanlara təzyiq göstərərək narahatlıq yarada biləcəyindən ehtiyat edilir.

Vəhşi təbiətdə gopher tısbağaları adətən təxminən 60 il yaşayırlar. Təbii mühitdə avtomobillərin vurması və insanların müdaxiləsi kimi amillər onların ömrünü qısalda bilir. Əsirlik şəraitində təhlükəsiz mühit, müntəzəm qidalanma və baytarlıq nəzarəti isə Qusun uzun ömür sürməsinə kömək edib.

Muzey rəsmiləri 100 yaşdan çox olan sürünən üzərində əməliyyatın müəyyən risklər daşıdığını qəbul edirlər. Bununla belə, digər gopher tısbağalarında sidik kisəsi daşlarının çıxarılması əməliyyatlarının uğurla həyata keçirildiyinə dair nümunələr mövcuddur.

Qusun ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu vurğulayan mütəxəssislər əməliyyatın ona daha rahat və sağlam həyat sürmək imkanı verəcəyinə inanırlar.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən