Yapon filosof təhsildə əzab və həssaslığın qəbul edilməsini təklif ETDİ
Yaponiyalı filosof Fumio Ono təhsil sisteminə yeni yanaşma irəli sürüb. Onun fikrincə, məktəb və universitetlər yalnız bacarıqların inkişafına və ölçülə bilən nəticələrə deyil, həm də insanlara əzab, qeyri-müəyyənlik və həssaslıqla başa çıxmağı öyrətməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə alimin "Educational Philosophy and Theory" jurnalında dərc olunan məqaləsində qeyd edilib.
Kioto şəhərindəki Dosişa Universitetinin professoru olan Ono hesab edir ki, müasir təhsil sistemi əsasən planlara, göstəricilərə və problemlərin əvvəlcədən hesablanaraq həll edilə biləcəyi düşüncəsinə əsaslanır. Lakin xəstəlik, yaxın insanın itkisi və digər ağır hadisələr qarşısında bu yanaşma kifayət etmir.
Filosofun yeni yanaşma hazırlamasına 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ və “Fukusima-1” atom elektrik stansiyasında baş verən qəza təsir edib. Onun sözlərinə görə, həmin hadisələr gözlənilməz və fəlakətli vəziyyətlərə cavab verməyə imkan yaradan fərqli düşüncə tərzinə ehtiyac olduğunu göstərib.
Ono öz yanaşmasını Yaponiya fəlsəfəsinin müxtəlif istiqamətləri əsasında formalaşdırıb. Buraya mühitin və iqlimin insanlara təsirini araşdıran Ogüsten Berk fəlsəfəsi, eləcə də buddist Madhyamaka məktəbi ilə əlaqəli Tokuryu Yamautinin “lemma məntiqi” daxildir.
Bu yanaşma çərçivəsində irəli sürülən “pafos biliyi” anlayışı insan həyatında əzabın, passivliyin və kövrəkliyin qaçılmaz olduğunu qəbul etməyə əsaslanır. Filosof hesab edir ki, təhsil sistemi də bu reallıqları nəzərə almalıdır.
Yeni yanaşma təhsildə əsas sualın dəyişdirilməsini nəzərdə tutur. Belə ki, problemə yalnız “Bunu həll etmək üçün nə etmək lazımdır?” sualı ilə yanaşmaq əvəzinə, “Bu insan nə yaşayır?” sualına da diqqət yetirilməlidir.
Ono hesab edir ki, fəlakətlərdən sonra təhsilin vəzifəsi yalnız insanların bacarıqlarını bərpa etməkdən ibarət olmamalıdır. Eyni zamanda, onlara yaşadıqları hadisələri anlamaq və dünyaya baxışlarını yenidən formalaşdırmaqda kömək edilməlidir. Bu yanaşmanın məktəb və universitetlərlə yanaşı, tibb və sosial iş sahələrində də tətbiqi mümkün hesab olunur.
“Təhsil yalnız bacarıqları inkişaf etdirmək vasitəsi deyil, həm də insanlara əzablarını anlamağa kömək etmək üsuludur”, – deyə filosof vurğulayıb.
Təhsil fəlsəfəsi üzrə mütəxəssis olan Fumio Ononun 70-dən çox elmi nəşri var. O, qarşıdakı 5–10 il ərzində təhsil mədəniyyətində dəyişiklik baş verəcəyini gözləyir. Filosofun fikrincə, gələcəkdə təhsil sistemində həssaslığa, həyatın mənasını axtarmağa və əzabın insanları birləşdirən təcrübə kimi anlaşılmasına daha çox önəm verilə bilər.
Bu halda məktəblər yalnız problemlərin həllini öyrədən deyil, həm də çətinliklər qarşısında insan olaraq qalmağa kömək edən məkanlara çevrilə bilər.
NURİYYƏ












