101 yaşlı kişidən gənclərə tövsiyə: "Bunsuz həyat daha da çətinləşir"
ABŞ-də yaşayan 101 yaşlı Kennet Rem uzunömürlülüyünün sirrini açıqlayaraq gənc nəslə sevgi, hörmət və güzəştə getməyi tövsiyə edib.
Redaktor.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Kennet Rem etiraf edib ki, heç vaxt 100 yaşına qədər yaşayacağını düşünməyib. O, uzunömürlülüyünün sirrini xoşbəxt olmaq və başqalarına sevgi göstərmək bacarığında görür.
“Mənim üçün bu, gözəl bir evlilik, güzəştə getmək bacarığı və uşaqlarımın yaxşı yaşadığını bilmək demək idi”, – deyə o bildirib.
101 yaşlı kişinin beş övladı, 12 nəvəsi və 11 nəticəsi var. Rem ailə üzvlərinə iki vacib dəyəri – bir-birinə sevgi və hörmət göstərməyi öyrətdiyini deyib.
“Bunsuz həyat daha da çətinləşir”, – deyə o əlavə edib.
Kişi 2018-ci ildə 67 illik həyat yoldaşını itirdiyini də bildirib. O, bu itkinin onun üçün ağır olduğunu, lakin birlikdə yaşadıqları bütün xatirələrə görə minnətdar olduğunu vurğulayıb.
Aytəkin TOFİQQIZI












