Pişiklərlə sahibləri arasında hormonal əlaqə AŞKARLANDI

 14:23 21.10.2026     53

Pişiklərdə oksitosin hormonunun səviyyəsi yüksək olduqda onların sahiblərində stress hormonu olan kortizolun səviyyəsi daha aşağı ola bilər. Alimlər bu nəticənin insanlarla ev heyvanları arasındakı bağlılığın bioloji əsasları ilə əlaqəli ola biləcəyini bildirirlər.

Redaktor.az xəbər verir ki, bu qənaətə Yaponiyanın Kioto Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri iScience elmi jurnalında dərc olunub.

Tədqiqatda 19 pişik sahibi və 29 pişik iştirak edib. Alimlər iştirakçıların sidik nümunələrində oksitosin və kortizol hormonlarının səviyyəsini ölçüblər. Pişiklərlə sahiblərinin bir-birinə yaxınlığı isə onların boyunluqlarına yerləşdirilən Bluetooth izləmə cihazları vasitəsilə qiymətləndirilib. Sahiblər, həmçinin əhval-ruhiyyələri ilə bağlı sorğuları cavablandırıblar.

Nəticələr göstərib ki, oksitosin səviyyəsi yüksək olan pişik sahiblərinin ev heyvanlarında da bu hormonun səviyyəsi daha yüksək olub. Pişiklərdə oksitosinin səviyyəsi artdıqca sahiblərində kortizolun səviyyəsinin aşağı olduğu müşahidə edilib.

Belə pişiklərin sahibləri daha az narahatlıq, çaşqınlıq, qəzəb və ruh düşkünlüyü hiss etdiklərini bildiriblər. Lakin əlavə statistik təhlillərdən sonra bu əlaqələrdən yalnız çaşqınlıq və narahatlıqla bağlı nəticələr statistik baxımdan əhəmiyyətli qalıb. Ev heyvanlarına daha yaxın olan sahiblər isə özlərini daha enerjili və gümrah hiss etdiklərini qeyd ediblər.

Tədqiqatın rəhbəri Saho Takagi hesab edir ki, bu əlaqə həm insanda, həm də pişikdə oksitosin səviyyəsinin eyni vaxtda yüksəlməsi ilə bağlı ola bilər. Əlavə sınaq zamanı oksitosin səviyyəsi daha yüksək olan pişiklərin insanlara yaxınlaşmağa daha meyilli olduğu da müəyyən edilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən