Qarpızı, balqabağı və ananası qabıqlı yeyin!
Britaniyalı tədqiqatçılar meyvə və tərəvəzlərin zibilə atılan qabıq, toxum və gövdələrinin zəngin lif mənbəyi olduğunu sübut ediblər. Əhalinin cəmi 4 faizinin gündəlik 30 qramlıq lif normasını ödədiyini vurğulayan mütəxəssislər insanları qırağa atılan hissələri istehlak etməyə çağırırlar.
Redaktor.az xəbər verir ki, London Kral Kollecinin alimləri atılan hissələrin yeyilən hissələrdən daha çox lif ehtiva etdiyini üzə çıxarıblar.
Məsələn, 100 qram qarpız qabığı bir dilim çörək qədər (2,10 qram), balqabaq qabığı və toxumu isə bir kasa dənli bitki qədər (9,25 qram) lif verir. Ananas qabığında ətindən 5 dəfə çox lif var, kivi isə qabıqlı yeyildikdə bədənə 50 faiz daha çox lif daxil olur.
Dr. Reyçel Gibson qida qalıqlarını atmağın həm də maliyyə itkisi olduğunu bildirib. Tədqiqatçılar kivi qabıqlarını saxlamağı, brokoli saplaqlarını qovurmağı və ya bibər toxumlarını yeməyə qatmağı təklif edirlər. Buxarda və ya mikrodalğalı sobada bişirmək qida dəyərini maksimum saxlayır.
Diyetoloq Kirsten Cekson məhsulların yaxşıca yuyulmasını və mədə problemləri olanların lifi tədricən artırmasını məsləhət görür. Britaniya Qidalanma Fondu isə zəhərli olan yaşıl kartof və rəvənd yarpaqlarını yeməməyi, sərt toxumları isə uşaqlara verməməyi tapşırır.













