Alimlər yaşlandıqca bioloji saatın niyə pozulduğunu müəyyən ediblər
Yaş artdıqca yuxunun səthiləşməsi, səhər tezdən oyanma və bədən temperaturunun dəyişməsi beynin daxili bioloji saatını əhatə edən hüceyrə mühitinin zəifləməsi ilə əlaqəli ola bilər.
Redaktor.az xəbər verir ki, Yaponiyanın Tsukuba Universitetinin neyrobioloqları siçanlar üzərində apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Communications Biology” jurnalında dərc olunub.
Araşdırma zamanı alimlər beynin hipotalamus nahiyəsində yerləşən və orqanizmin sutkalıq ritmlərini tənzimləyən supraxiazmatik nüvəni (bioloji saatın əsas mərkəzi) öyrəniblər. Tədqiqatda üç aylıq və 18 aylıq siçanların beyin fəaliyyəti, bədən temperaturu və hərəkətliliyi müqayisə edilib.
Məlum olub ki, yaşlı siçanlarda bioloji saatı tənzimləyən genlər ritmik fəaliyyətini qorusa da, bu mərkəzin ümumi iş prinsipi dəyişib. Xüsusilə immun müdafiə, viruslara qarşı mübarizə və neyronlara dəstək verən qlial hüceyrələrlə əlaqəli genlərin fəaliyyəti artıb.
Tədqiqatçılar həmçinin yaşlı siçanlarda sutkalıq ritmlə işləyən genlərin sayının 474-dən 263-ə qədər azaldığını müəyyən ediblər. Bununla yanaşı, hərəkətlilik və bədən temperaturu arasındakı əlaqənin zəiflədiyi müşahidə olunub.
Alimlərin fikrincə, yaşlanma zamanı problem bioloji saatın özünün fəaliyyətini dayandırması deyil, onun siqnallarının orqanizmin digər sistemlərinə ötürülməsinin zəifləməsidir.
Tədqiqat müəllifləri hesab edirlər ki, yaşlılıq dövründə bioloji saatın sağlamlığını qorumaq üçün onun ətrafındakı hüceyrə əlaqələrinə və dəstəkləyici mexanizmlərə xüsusi diqqət yetirilməlidir.
Qeyd edək ki, araşdırma hələlik heyvanlar üzərində aparılıb. əldə olunan nəticələrin insanlara nə dərəcədə aid olduğunu müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
NURİYYƏ













