Çində 237 milyon il yaşı olan dəniz amfibiyasının qalıqları AŞKARLANDI
Çində aparılan araşdırmalar zamanı təxminən 237 milyon il əvvələ aid olan və tamamilə dəniz mühitində yaşamağa uyğunlaşmış qədim amfibiyanın qalıqları aşkar edilib. Alimlər hesab edirlər ki, heyvanın sümük zirehi onun duzlu suda yaşamasına kömək etmiş ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Nature Ecology & Evolution jurnalında dərc olunan elmi araşdırmada məlumat verilib.
Tədqiqatçılar qalıqları Çinin Quyçjou əyalətində, Trias dövrünün sonlarında dənizlə örtülü olmuş ərazidə tapıblar. Təxminən 237 milyon il yaşı olan iki skelet əsasında Gerrothorax maritimus adlı yeni növ təsvir edilib.
Alimlərin fikrincə, bu canlı geniş və yastı bədənə, eləcə də inkişaf etmiş sümük zirehinə malik olub. Kəllə və bədən quruluşuna əsasən, onun dənizin dibində ovunu gözlədiyi və sorucu hərəkətlə qidalandığı ehtimal edilir.
Tapıntını qeyri-adi edən əsas məqam amfibiyaların, bir qayda olaraq, şirin sudan asılı olmasıdır. Müasir suda-quruda yaşayanların dərisi su və duz mübadiləsində iştirak etdiyi üçün onların tamamilə dəniz mühitində yaşaması ciddi fizioloji çətinliklər yaradır.
Tədqiqat müəllifləri hesab edirlər ki, "Gerrothorax maritimus"un sümük zirehi bu mübadiləni məhdudlaşdıraraq duzlu mühitə uyğunlaşmasına kömək etmiş ola bilər. Həzm sistemi və qəlsəmələrin də bu prosesdə mühüm rol oynadığı ehtimal edilir. Lakin fosillər əsasında həmin orqanların dəqiq fəaliyyət mexanizmini müəyyənləşdirmək mümkün deyil.
Alimlər qalıqların heyvanın ölümündən sonra dənizə daşınması ehtimalını da araşdırıblar. Skeletlərin bütövlüyü, tapıntı yerinin qurudan uzaqda olması və stronsium izotoplarının göstəriciləri onların dəniz mühitində yaşadığını təsdiqləyən dəlillər kimi qiymətləndirilib.
Tədqiqatçılar bu kəşfi qədim amfibiyalar arasında tamamilə dəniz həyatına uyğunlaşmanın ilk inandırıcı sübutu hesab edirlər.
NURİYYƏ













