Marsda qlobal toz fırtınalarının yaranma səbəbi müəyyən EDİLDİ

 22:03 18.11.2026     76

Danimarkanın Orhus Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Marsı əhatə edən qlobal toz fırtınalarının yaranma səbəbini müəyyən edib. Araşdırmanın nəticələri “Geophysical Research Letters” (GRL) jurnalında dərc olunub.

Redaktor.az xəbər verir ki, Yer kürəsində ən güclü fırtınalar belə, əsasən, regional xarakter daşıyır. Marsda isə hər üç-dörd ildən bir bütün planeti əhatə edən toz fırtınaları baş verir. Toz atmosferə qalxaraq Günəş işığının səthə çatmasına mane olur. Bu isə gələcəkdə Marsda məskunlaşacaq insanlar üçün ciddi problemlər yarada bilər. Belə fırtınaların hansı səbəbdən baş verdiyi uzun müddət alimlər üçün sirr olaraq qalıb.

Tədqiqatın rəhbəri Yonatan Merrisonun sözlərinə görə, əsas səbəb planetin səthindəki qum və tozun nisbətidir. Qumun həddindən artıq çox olması toz hissəciklərinin atmosferə qalxmasını çətinləşdirir. Qum olmadıqda isə külək tozu səthdən qopara bilmir.

Beləliklə, fırtınanın yaranması həm qumun, həm də tozun mövcudluğundan və onların nisbətindən asılıdır. Ölçüsü 2-0,06 millimetr arasında olan hissəciklər qum, 0,05 millimetrdən kiçik hissəciklər isə toz hesab olunur.

Qum küləyin təsiri ilə hərəkət edərək sıçrayır və yer səthindəki toz hissəciklərini qoparır. Bu proses “saltasiya” adlanır. Zərbə nəticəsində səthə yapışmış toz hissəcikləri ayrılaraq atmosferin troposfer qatına qalxır. Bu mərhələ isə asılı vəziyyətə keçmə prosesi kimi tanınır. Qum hissəcikləri bir neçə metr məsafəyə daşındığı halda, toz hissəcikləri qitələri keçə bilir.

Tədqiqatçılar bu prosesi Marsın iqlim şəraitini təqlid edən xüsusi kamera ilə təchiz olunmuş Orhus Universitetinin laboratoriyasında modelləşdiriblər. Simulyasiya zamanı qum və tozun nisbəti nəzərə alındıqda, planet miqyaslı fırtınalar əlavə müdaxilə olmadan yaranıb.

Alimlərin fikrincə, bu kəşf Marsda hava şəraitinin daha dəqiq proqnozlaşdırılmasına imkan verəcək. Tədqiqat rəhbəri Merrison bildirib ki, yaşayış olmayan planet üçün hava proqnozu ilk baxışdan vacib görünməsə də, Marsın öyrənilməsinin davam etdirilməsi üçün zəruri vasitədir.

“Bu gün Mars missiyaları hazırlanarkən toz fırtınaları mütləq nəzərə alınmalıdır. Bəzi roverlər və elmi cihazlar Günəş enerjisi ilə işləyir. Onların üzərini toz və qum örtdükdə fəaliyyətlərini dayandırırlar və biz onlarla əlaqəni itiririk”, – deyə o vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən