Eynşteynin tənliklərində yeni həll: “Qara Saturn” modeli

 22:21 22.11.2026     33

Amsterdam Universitetinin fiziki Cey Armas Eynşteyn tənliklərinin iki qara dəliyi təsvir edən yeni həllini tapıb. Modelə əsasən, qara dəliklərdən biri Saturnun halqaları kimi digərini əhatə edir. Hər iki qara dəlik bir-birindən asılı olmayan iki müstəvidə fırlana bilir.

Redaktor.az xəbər verir ki, hesablamalar “arXiv” platformasında dərc olunan elmi məqalənin ilkin versiyasında təqdim edilib.

Məkan-zamanın ənənəvi təsvirində üç fəza və bir zaman ölçüsü mövcuddur. Əlavə bir fəza ölçüsü daxil edildikdə isə ümumi nisbilik nəzəriyyəsinin tənlikləri hadisə üfüqünün daha mürəkkəb formalarına imkan verir. Hadisə üfüqü işığın belə kənara çıxa bilmədiyi sərhəddir.

“Qara Saturn” adlandırılan modeldə mərkəzdəki qara dəlik halqa formasında olan digər qara dəliklə əhatə olunur. Onların hər birinin ayrıca hadisə üfüqü var.

Fiziklər belə bir sistemi əvvəllər də təsvir ediblər. Lakin ilkin modeldə fırlanma yalnız bir müstəvidə baş verirdi. Armas isə mümkün olan hər iki fırlanma müstəvisini nəzərə alıb. O göstərib ki, iki qara dəliyin hər biri öz hadisə üfüqünü qorumaqla eyni vaxtda maksimal fırlanma həddinə çata bilər.

Bu zaman ətrafdakı halqa mərkəzi qara dəliyin özünün bucaq momentinə malik olmadığı müstəvidə belə onun hadisə üfüqünü öz fırlanmasına cəlb edə bilir.

Hesablamalara görə, bu həddə çatdıqda hər iki qara dəliyin temperaturu sıfıra bərabər olur. Bununla belə, onlar hər iki müstəvidə fırlanmalarını uyğunlaşdıra və tam tarazlıq vəziyyətinə gələ bilmirlər.

Bu, əlavə fəza ölçüsü daxil edildikdə cazibə qüvvəsinin davranışının necə dəyişdiyini araşdırmağa imkan verən riyazi modeldir. Yeni yanaşma fiziklərə belə şəraitdə iki qara dəliyin bir-birinə təsirini və onların birgə fırlanması nəticəsində hadisə üfüqlərində yaranan xüsusiyyətləri öyrənməyə imkan yaradır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən