“Facebook” beş milyard dollarlıq cəriməni ödəyəcək?

 19:40 21.07.2019     1044

Amerikanın Federal Ticarət Komissiyası (FTC) sosial paylaşım platforması "Facebook"u beş milyard dollar cərimə edib.

Redaktor.az facemark.az-a istinadən bildirir ki, "The Wall Street Journal"ın yazdığına, əsasən cəriməyə səbəb FTC-nin hələ keçən il başladığı istintaqın nəticəsi ilə bağlı olub. Belə ki, Kommissiya məlumatların icazəsiz və qeyri-qanuni istifadəsinə görə, istintaqa başlamışdı.

Cərimənin 2 -yə qarşı 3 səslə qəbul edildiyi deyilib

Qərarın yekunlaşması üçün Ədalət Nazirliyinin də təsdiqi lazımdır, amma nazirlik tərəfindən bu araşdırmanın hansı vaxta qədər davam edəcəyi məlum deyil.

"Facebook" şirkəti isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

2012-ci ildə "Google" 22 milyon dollar cərimə edilib. "Facebook"a edilən cərimənin miqdarı isə bu günə qədər texnologiya firmasına verilən ən yüksəyi olub.

Ötən il 56 milyard dollar gəlir əldə edən "Facebook"un bu il isə 69 milyard dollar civarında gəlir əldə etməsi proqnozlaşdırılır.

"Cambridge Analytica" qalmaqalı

Bu gün ən çox müzakirə olunan məsələlərdən biri də "məlumatların təhlükəsizliyi" ilə bağlıdır. Adıçəkilən mövzu ötən il "Cambridge Analytica" qalmaqalı ilə zirvəyə çıxmışdı.

"Cambridge Universitet"inin araşdırmaçısı Aleksandr Koqan "Facebook" vasitəsilə xidmət verən "this is your digital life" şəxsiyyət testi tətbiq edib və bununla 87 milyon insanın informasiyaları toplayıb. Bu məlumatları isə 2016-cı ildə siyasi konsultasiyalar verən "Cambridge Analytica" şirkətinə satıb.

İngiltərənin televiziya kanalı "Channel 4"un üzə çıxardığı məsələdə bildirilirdi ki, "Cambridge Analytica" şirkəti əldə etdiyi məlumatları 2016-cı ildə Amerikada prezident seçkiləri zamanı Donald Trumpın qələbə qazanması üçün istifadə edib.

Hadisə üzə çıxandan sonra, "Facebook"un CEO-su Mark Zuckerberq Amerika Senatında ifadə verib. Böyük data böhranı isə texnologiya şirkətlərini, xüsusilə Avropa və Amerikada data siyasətlərini yenidən gözdən keçirmək məburiyyətində qoyub.