Qazaxlar Tomrisdən bəhs edən filmdə təhriflərə yol verib - SƏBƏBİ...

 19:18 31.07.2019     1658

Akan Satayevin rejissorluğu ilə çəkilən əfsanəvi Maasagent hökmdarı Tomrisin həyatından bəhs edən, Qazaxıstan istehsalı olan filmdə təhriflərə yol verilib.

Bu barədə Redaktor.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev məlumat verib.

Z. Əliyev bildirib ki, film Qazaxıstan səhrasında çəkilib və bir neçə yerdə Tomrisin qazax qızı olduğu vurğulanıb:

“Bu film sanki Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarının hökmdarı olan Tomris haqqında deyil, Qazax səhralarında böyümüş qadın barədə çəkilib. Bu, Azərbaycan tarixinin oğurlanmasıdır. Bu barədə Tarixin atası sayılan Herodotun doqquz hissədən ibarət “Tarix” əsərinə baxmaq kifayətdir. Əsərdə Əhəməni hökmdarı Kirin Araz çayından şimalda yerləşən (müasir Azərbaycan respublikası ərazisində) Massaget çarlığına yürüşü zamanı öldürüldüyü barədə məlumat verilir. Tomris türk Xaqanı Alp Ər Tunqanın nəvəsi idi. Ərəb və fars qaynaqlarında adı Əfrasiyab kimi keçən Alp Ər Tunqanı bir çox əski türk boyları, eləcə də Göytürk, Uyğur, Qaraxanlı və Səlcuqlu dövlətlərinin başçıları özlərinin babası hesab edirdi. Abbasqulu ağa Bakıxanov məşhur “Gülüstani-İrəm” əsərində Tomirisin adını böyük ehtiramla çəkib. O, Heradotun fikirlərinə söykənərək Tomirisin mənsub olduğu Massaget skiflərinin məhz Albaniyada yaşadığını bildirib. Herodotun yazdığına görə, yarımköçəri Sak-Massaget tayfaları Araz və Kür boyunca miqrasiya edərək yayda Qərbi Azərbaycanda (Göyçə -Ağbaba regionunda), qışda isə Aranda (Mil, Muğan və Qarabağda) yaşayırmışlar. Tək Tanrıya inanan Sak-Massagetlər günəşi Tanrının simvolu sayırdılar. E.B.Taylorun qənaətinə görə, günəşpərəstlikdə günəşin mövqeyi təxminən su kultunda dənizin daşıdığı rola bərabərdir. Günəş təbiət allahları arasında güc və şöhrətinə görə hər yanı tutan göydən təkcə kosmik varlıq olması ilə deyil, həm də torpağın, canlıların xidmətində durması, allahlığını canlı şəkildə “nümayiş etdir”məsi ilə seçilir. “İbtidai mədəniyyət” kitabında göstərilir ki, “Massagetlər, Tatariyadakı (Azərbaycanı belə adlandırır) günəşpərəstlər onları qışın dəhşətlərindən qurtardığı üçün öz atlarını tanrıları Günəşə qurban kəsirdilər”.

Tarixçi vurğulayıb ki, uzun zaman Massaget etnoniminin İran dilləri əsasında izah edilməsi üçün çox təşəbbüs edilib:

“Nəticədə qondarma fikirlər ortaya çıxıb. Əslində bu etnonim türk dilləri üçün səciyyəvi m-b əvəzlənməsinə görə mas (“bas”, yəni ―ba) sözündən, sak etnonimindən və türk dillərində cəm bildirən “at” şəkilçisindən ibarətdir-“baş saklar” mənasındadır. Onların bir hissəsi eramızın əvvəllərində Albaniyanın şimal şərqində, indiki Dərbənd və Vəlvələçay arasındakı ərazidə yaşayırdı.

Heredotun “Tarix” əsərinə nəzər salaq: “Kuruş bu xalqı istila edəndən sonra Massagetləri tabe etmək fikrinə düşür. Deyilənə görə, bu Massagetlər çoxsaylı və igid tayfadır. Onlar gündoğan istiqamətdə, Araz çayının o tərəfində, İsedonların qarşısında yaşayırlar. Bəziləri onları da İskit qəbiləsi hesab edir. Verilən məlumata görə Araz boyunca Lesbos böyüklüyündə çoxlu ada var.” Qədim yunan dilləri üzrə mütəxəssis, rusiyalı alim Gerogi Andreyiviç Stratanovski və onun həmkarı M.N. Botvinnik Heredotun əsərini tərcümə edərkən təsdiqləyir ki, tarixin atasının qeyd etdiyi Araz çayı Qafqaz Arazıdır. “Araz” hidronimini “ar” və “aks” (“oks”) şəklində, yəni Araks (Araz) kimi, “ar”-ər, “aks” (“oks”)- çay, su (yunanca) şəklində yarandığını qeyd edirlər”.

Z. Əliyev qeyd edib ki, əsas Araz çayı haqqında eramızdan əvvəl yaşamış Hekatey, Herodot, Strabon, Ptolemey, Plutarx və başqa şəxslərin məlumatı diqqəti çəkir:

“Ümumi fikir budur ki, Araz çayı Azər ölkəsindən keçir, şərqə axıb Araksena bölgəsini arxada qoyur və sonra Kürə qoşulub, Kaspiyə tökülür və ya Kürə qoşulmadan bu dənizə ayrıca tökülür. Bu gün çoxları sual verə bilər ki, elədirsə niyə Araz çayı müstəqil olaraq Kaspi- Xəzər dənizinə tökülmür. Bunun üçün sadəcə coğrafiya kitablarına baxmaq kifayət edər. Tarix boyu Xəzərin səviyyəsi bir neçə dəfə enəndə Araz Kürdən ayrılıb birbaşa Xəzərə axıb, son dəfə 1896-cı ildə təkrarlanan bu olayın qarşısı süni yolla alınıb. Bir sözlə, Herodotun təsvir etdiyi hər iki Araz, yazara görə, Kaspı dənizinə axır. Amu-dərya isə Sır-dərya kimi Aral gölünə tökülür. Kaspiyə doğudan axan Uzboy çayı isə Tomris-Kir savaşından min illər öncə qurumuşdu. Xəritəyə baxan hər kəs bu gerçəyi görə bilər və Herodotun Tomrisdən danışarkən Araz çayının arxasındakı Massagetlərdən bəhs etdiyini açıq-aydın görmək olur. Macar tarixçisi Gyula Moravcsikin “Bizantinoturcica” adlı əsərində yazılır “Massagetlərin yaşadığı Azərbaycanın quzey bölgəsində...”

Z. Əliyev bildirib ki, ən azı tarixdən Pers şahı Kirin heç bir zaman Orta Asiya üzərinə yürüşünün olmadığı məlumdur:

“İran tarixçilərinin əsərlərində, sovet tarixçiləri və Avropa mənbələrində Kirin Orta Asiya üzərinə yürüş etmədiyi konkret yazılır. Tarixçilər Tomrisin başçılıq etdiyi Massagetlərin məhz Azərbaycan ərazisində yaşadığını qeyd edirlər. Bunun səbəbi də odur ki, mənbələrdə verilən məlumata görə Kir Tomrislə savaşa gedərkən güclü axan bir çayı keçdikdən sonra Tomrisin torpaqlarına daxil olub. Tomrisin Azərbaycanda yaşadığını söyləyən tarixçilər bu güclü axan çayın ya Kür, ya da Araz olduğunu söyləyirlər. Çünki Orta Asiyada Massagetlər Xəzər sahilində yaşayırdılar və Kir onların torpağına girmək üçün hansısa çayı keçməli deyildi”.

Firuzə Vahid / REDAKTOR.AZ