Titanikin yeni görüntüləri yayımlandı - Gəminin parçaları sürətlə yoxa çıxır /Video

 04:22 23.08.2019     1307

“DSV Limiting Factor” sualtı qayığındakı beynəlxalq dayverlər komandası batmış Titanik gəmisinin yanına son 15 ildə ilk dəfə enərək aşkar edib ki, gəminin bəzi parçaları tamamilə çürüyüb.

Redaktor.az xəbər verir ki, Titanikin qalıqlarının yanına sonuncu dəfə 2005-ci ildə eniblər.

Titanik Atlantik okeanının dibində 3800 metr dərinlikdə yerləşir. Gəminin bir hissəsi hələ də yaxşı vəziyyətdədir, lakin hələ 15 il əvvəl okeanın dibində olan bəzi fraqmentlər daha yoxdur. Buna güclü okean axınları, metalı yeyən duz və mikroorqanizmlər səbəb olub.

Gəminin sağ bortuna, zabitlər üçün otaqların yerləşdiyi bölməyə daha çox ziyan dəyib.

Özünü Titanikin tədqiqinə həsr etmiş tarixçi Parks Stivensonun sözlərinə görə, gördükləri onu şoka salıb. O deyib:

“Kapitan vannası həmişə Titanik həvəskarlarının ən sevimli fraqmenti olub. Onun fotoşəkilləri bizim aramızda çox populyar idi. İndi isə o, daha yoxdur. Bütün göyərtə, onunla birlikdə xidməti otaqlar həmin tərəfdən dağılır və vəziyyət getdikcə daha da pisləşəcək”.

Ekspertin fikrincə, gəminin burun hissəsindəki qonaq otağının tavanı çökə bilər. Bundan sonra içəriyə baxmaq daha mümkün olmayacaq.

Britaniyaya məxsus Titanik transatlantik layneri öz dövrünün ən böyük sərnişin gəmisi olub. Sauthemptondan Nyu-Yorka istiqamət götürən Titanik 1912-ci ilin aprelində aysberqlə toqquşmadan sonra Kanada sahillərindən təqribən 600 kilometr məsafədə batıb. Gəminin içərisindəki 2200 sərnişin və komanda üzvündən 1500-dən çoxu həlak olub. Gəminin ikiyə bölünmüş hissələri bir-birindən 600 metr məsafədə okeanın dibində yerləşir. /publika.az/