Qiymətlər baha deyil, camaatda pul yoxdur... - "Məktəbli çadırı"ndan FOTOREPORTAJ

 13:00 07.09.2019     1594

Yeni tədris ilinin başlamasına az müddət qalıb.

Bir çox ailə üçün yeni həyacan, macəra başlayır. Övladları məktəbə ilk dəfə qədəm qoyacaq valideynlər fərqli duyğular içində olurlar. Onlar uşaqlarının oxuyub, böyük nailiyyətlər əldə etməsi üçün dəridən-qabıqdan çıxmağa hazırdılar. Bəs görəsən, indiki dövrdə övladını məktəbə göndərmək üçün valideyn nə qədər pul xərcləməlidir? Ata-Ana uşaqların məktəbə gedə bilməsi üçün lazımi ləvazimatları ala bilirmi?

Yeni tədris ilini başlaması ilə əlaqədar olaraq paytaxtın bir sıra metrostansiyalarının çıxışında "məktəbli çadırları" qurulub. Bu kiçik yarmarkalarda şagirdlərin istifadə edə biləcəyi bütün ləvazimatlar satılır. Bu çatırlarının qurulmasında əsas məqsəd digər dəftər-kitab mağazalarından ucuz olmaq, həmin malların kütləvi satışını təşkil etməkdir. Vətəndaşlar bu tipli kiçik yarmarkaların fəaliyyətindən razıdırlarmı? Ümumiyyətlə, paytaxt sakinləri "məktəbli çadırlarına" gedirlərmi?

Bu mövzuda suallarımız çoxdur. Cavabları tapmaq üçün Bakının müxtəlif yerlərində fəaliyyət göstərən kiçik yarmarkalara baş çəkdik. Gördüyümüz mənzərə, aldığımız açıqlamalarla suallarımıza cavab tapdıq.

Qiymətlər əksər mağazalarla eynidir

İlkin müşahidələrimizdən belə qənaətə gəldik ki, yarmarkalarda müştəri çatışmazlığı yaşanır. Bunun əsas səbəbi qiymətlərin o qədər də ucuz olmamasıdır. Məsələn, adicə məktəbli çantaları 12 manatdan başlayır, 25 manatda bitir. Supermarketlər və ticarət mərkəzləri ilə müqayisə etdikdə malların qiyməti demək olar ki, eynidir. 

"Qiymətlər baha deyil, camaatda pul yoxdur"

Elmlər Akademiyası metrostansiyası ətrafında quraşdırılan "məktəbli çadırı"nda satıcı işləyən Həsən adlı şəxs müştərilərin azlığından şikayətçidir. Onun fikrinə görə, qiymətlər ötən ilə nisbətən daha ucuzdur:

"İşlər yaxşı getmir. Müştərilər azdır. Qiymətlər baha deyil, camaatda pul yoxdur. Gəlib ancaq baxırlar, heç nə almayıb gedirlər. Təngə gəlmişik vallah".

Dəftərlər eyni, qiymətlər fərqli

Kiçik yarmarkalarda qiymət fərqliliklərinə rast gəldik. Məsələn, 24 vərəqli iki ayrı dəftərin birinin qiyməti 35 qəpikdirsə, digərinin qiyməti 24 qəpikdir. Satıcılardan bunun səbəbini öyrənə bildik:

"Burada problemli heç nə yoxdur. İki fərqli ölkənin istehsal etdiyi dəftərlərdir. 24 qəpiyə olan Azərbaycan markasıdır. Digəri isə Türkiyə istehsalıdır. Fərqlərinə gəlincə, birinin kağızı enli, digərinki ensizdir. Vərəqlərin keyfiyyətində fərqliliklər var. Sözsüz ki, yerli marka bir az keyfiyyətsizdir".

"Günlük xərclərimiz alverimizdən çox olur"

Nizami metrostansiyasının yanında olan "məktəbli çadırı"nda satıcı işləyən Samir də müştərilərin azlığından şikayətçidir. O, sakinlərin sosial vəziyyətinin pis olduğunu bildirib:

"Satışlar azdır, çünki gələn ancaq qələm-dəftər alır. Əhalidə pul yoxdur. Dünən bir müştəri gəlib, cibindən qələm çıxardıb soruşur ki, mürəkkəbiniz var? İstədiyi şeyin 5 qəpik dəyəri yoxdur. Adamın pulu yoxdur ki, özünə təzə qələm alsın. Gündəlik işçilərin maaşı, kommunal xərcləri, ümumilikdə götürəndə alverdən çox olur".

Əhali ən çox nə alır?

"Məktəbli çadırı"nda ən çox satılan şeylər haqda da maraqlandıq. Satıcıların hər ikisi əhalinin eyni şeylər aldığını bildirdilər:

Satıcı Həsən: "Ən lazım olanları alırlar. Dəftər, qələm, pozan, karandaş ən çox satılan şeylərdir. Ötən il isə belə deyildi. Camaat müxtəlif karandaşlar, albomlar, su qabları, hər şey alırdılar. İndi isə ortalıqda heç nə yoxdur".

Satıcı Samir: "Hamı gəlir hər şeyin qiyməti ilə maraqlanır, axırda dəftər və qələm alıb gedirlər. Keçən il əllərinə nə keçirdi alırdılar. Başa düşə bilmirəm, niyə belədir? 

Nə neçiyədir?

Məktəbli yarmarkalarında şagirdlər üçün hər cür vəsait tapmaq mümkündür. Ümumi qiymətləri götürdükdə, əhalinin büdcəsi burada bazarlıq etmək üçün mümkündür. Sizlərə "məktəbli çadırı"nda olan bəzi malların qiymətləri təqdim edirik:

Dəftərlər (12,24,40,60 vərəqlər) - 12,24,35,40, 55 qəpik

Qələmlər - 0.10 - 1.50 AZN

Karandaş (sadə) - 0.10 - 0.50 AZN

Karandaş (Rəngli dəstə) - 1..00 - 5.00 AZN

Albomlar - 1.50 - 4.00 AZN

Pozanlar - 0.10 - 1.50 AZN

"Marker"lər - 0.50 - 1.50 AZN

Su qabları - 2.00 - 10.00 AZN

Çantalar - 13.00 - 25.00 AZN

Supermarketlər, ticarət mərkəzləri yoxsa "məktəbli çadırı"?

Ümumi mənzərəyə baxdıqda, bura gələn müştərilərin azlığını müşahidə edirik. Bunun əsas səbəbinin qiymətin aşağı olmaması ilə əlaqələndirərdik. Supermarketlər və ticarət mərkəzləri ilə müqayisədə etdikdə malların dəyəri eynidir. Misal üçün yeni tədris ili üçün övladına qələm, dəftər, karandaş almaq istəyən valideyn öz evinə yaxın ticarət mərkəzinə və ya supermarketə getməyi daha üstün tutur. Bunun 3 əsas səbəbi var:

1) Keyfiyyət

2) Səliqə

3) Rahatlıq

Supermarket və ticarət mərkəzlərində yuxarıda sadaladığımız hər punka riayət edirlər. Lakin "məktəbli çadırı"ndakı malların keyfiyyətinə söz deyə bilməsək də, səliqəsizlik və rahatsızlığın canlı şahidi olduq. Ən azından hər kəs 10 qəpiyə alacağı qələmə görə 30 qəpik verib, hansısa metronun çıxışına getməz. Eyni malı eyni qiymətə öz evinə yaxın bir yerdən ala bilərsə, seçim ikincidən yana olar. Ümumi baxsaq, "məktəbli çadırı"nın tək üstün cəhəti metroya yaxın yerlərdə quraşdırılmasıdır. Səliqə və rahatlıq baxımından rəqiblərindən geri qalırlar. Keyfiyyət və qiymət məsələsində isə hamıda necədirsə, onlarda da elədir...

İlkin Sultanlı / REDAKTOR.AZ

Fotolar: Müzəffər İsmayılov

222