1000 yaşlı "Uçuq Pir" - Şah İsmayıl Xətainin qapıda tərsinə yazdırdığı sözlər / FOTO

 22:13 08.09.2019     3304

Hacıqabul rayonunun Qubalı və Tava kəndlərinin arasında, qədim qəbiristanlıqda yerləşən "Uçuq Pir" abidəsinin min yaşı var.

Redaktor.az ölkə.az-a istinadən bildirir ki, XI əsrdə tikildiyi ehtimal olunan bu tarixi abidə üç otaqdan ibarətdir.

Tarixçi, tədqiqatçı Məhəmməd İsayevin sözlərinə görə, ötən əsrin 50-ci illərinə kimi otaqların birində naməlum şəxsin məzarı olub. Məhz buna görə də pir daim ziyarət edilib. Amma indi həmin məzardan əsər-əlamət yoxdur. Məzarın olub-olmaması ilə bağlı tarixi mənbələrdə də heç bir məlumat verilmir.

Pirdə hündürlüyü 2,85 metr olan qeyri-adi dairəvi pilləkən də var.
"Uçuq Pir"in qapısında tərsinə, ərəb hərfləri ilə həkk olunmuş "Allah", "Məhəmməd", "Əli" yazıları var. Ehtimala görə, Şah İsmayıl Xətai bu ərazilərə səfər edən zaman yazını ehtiyatla, yəni şiə məzhəbinin yayıldığı bir vaxtda tərsinə yazdırıb. Yazı yalnız güzgü vasitəsilə düzgün oxunur.

M.İsayevin fikrincə, bu, sünni və ya şiə məzhəbinə görə ola bilməzdi, çünki hər iki məzhəbə etiqad edənlər Allaha inanır və Məhəmmədi onun peyğəmbəri bilir. 

Hazırda "Uçuq Pir"in geniş tədqiq edilib əsaslı bərpa olunmasına ehtiyac var.