AMEA: Bu kəndlərdə 100-dən çox ev sel və sürüşmə təhlükəsi altındadır

 17:23 19.09.2019     75

“Böyük Qafqazın cənub yamacında aparılan tədqiqatlar gələn il də davam edəcək. Əsas məqsəd bu ərazidə ekolandşaft tədqiqatları aparmaq, kənd landşaftlarının planlaşdırılması, onlarda əmələ gələn risk və təhlükələri öyrənməkdir".  

Bunu Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. O bildirib ki, İsmayıllı, Qəbələnin alçaq və ortadağlıqda yerləşən kəndlərinin landşaftları araşdırılıb:

“Son zamanlar kəndlərdə genişlənmə gedir. İnsanlar yeni evlər tikir, istirahət mərkəzləri yaradılır. Əsas məqsədimiz bunların landşafta təsirinin araşdırılması, öyrənilməsi idi.

Hazırda  20-dən çox kənddə  bir sıra evlər selə, sürüşməyə, uçquna qarşı təhlükəli vəziyyətdədir. Məsələn, İsmayıllı rayonunun Giryan kəndində 18 evin sel təhlükəsində olduğunu üzə çıxartdıq. Kəndin genişlənməsi zamanı bələdiyyələr bu məsələləri nəzərə almalıdırlar. Bu gün sel yoxdursa,  3-5 ildən bir bu, baş verə bilər. Çay dərəsindəki yamaclara baxanda kifayət qədər sel materialının toplandığını, sel ocaqlarının əmələ gəldiyini müşahidə etdik.
 
Ümumilikdə, Təzəkənd, Cülyan, Qurbanəfəndi, Qalınçaq, Xanəgah kimi bir neçə kənddə 100-dən çox ev müxtəlif çayların dərələrində yerləşir və hamısında kifayət qədər risk var. Qəbələ rayonu ərazisində də  kəndlərin inkişaf tendensiyalarını öyrəndik. Burada xüsusilə son zamanlar Dəmiraparan çay, onun qolu olan Duruca çayın dərəsində çox güclü texnogen dəyişmələr aparılar. Burada böyük istirahət mərkəzləri tikilir. Bu mərkəzləri yaradanda da bir sıra texnogen səhvlərə yol veriblər, nəticədə təbiətlə ahəng pozulub. Vaxtilə meşə ilə örtülü bu sahədə də güclü eroziya prosesləri gedir. Bizim hesablamalara görə, hər il təkcə Duruca çayının sol sahilində 100 tondan artıq torpaq süxur eroziyaya məruz qalır. 1 sm torpağın yaranması üçün 100 illər vaxt lazımdır, amma biz bunu çox qısa müddətdə sıradan çıxarıb məhv edirik”. 

“Qəmərban kəndinin yuxarı hissəsində çayın sol sahilində xeyli meşəsizləşmiş sahə əmələ gəlib, güclü sel ocaqları yaranıb. Həmin sel ocaqları da Qəmərban üçün vaxtaşırı təhlükə yaradır”, deyə M.İsmayılov əlavə edib.//Apa.az