Yuxunun yadda qalmamasının səbəbi bilindi

 01:08 13.10.2019     248

Yəqin ki, çoxları bir çox hallarda gördükləri yuxunu yada sala bilmir. Maraqlı, rəngarəng, qorxulu və s. yuxular heç də həmişə yaddaşda qalmır. Onu xatırlamağa çalışsaq da, mümkün olmur.

Bunun səbəbini isə tapa bilmirik. Yaponiya və ABŞ alimləri bununla bağlı maraqlı araşdırma aparıblar. Daha doğrusu, yuxunun yadda qalmamasının səbəbini tapıblar.

Redaktor.az e-tibb.az-a istinadən bildirir ki, Yaponiyanın Nagoya Universitetinin və ABŞ-ın Milli nevroloji xəstəliklər və insult İnstitutunun tədqiqatçıları belə nəticəyə gəliblər ki,  beyində yuxu zamanı əldə edilən məlumatların silinməsinə məsul olan bir qrup hüceyrə var.

Nə qədər yatmağı, nə vaxt yatmağı, yuxu xatirələrini yaddaşdan  silməyi melanin-konsentratlaşdırılmış hormon (MSN) istehsal edən bir qrup hüceyrə idarə edir. Bu, iştaha və yuxu tənzimlənməsinə də təsir göstərir.

Onların təxminləri siçanlar üzərində aparılan bir sıra təcrübələrlə təsdiqlənib. Bu hormonun (MSN)  fəaliyyəti güclənəndə gəmiricilər yuxudan sonra inanılmaz unutqanlıq nümayiş etdiriblər. MSN-in təsiri məhdudlaşanda isə gəmiricilər, əksinə, ən yaxşı yaddaş testlərinin nəticələrini göstəriblər.

Alimlər eyni şəkildə insanın sürətli yuxu mərhələsində gördüyü yuxunu xatırlaya bilməməsini də bununla əlaqələdirirlər.