Ermənilər tarixi bu cür SAXTALAŞDIRIB: Əslində isə indiki İrəvan şəhəri...

 11:00 16.10.2019     3458

İrəvan xanının sülaləsini informasiya müharibəsinə qoşmaq aktualdır.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Prezident İlham Əliyevin Türk dövlətlərinin liderlərinin iclasında Zəngəzurla bağlı dediklərinə münasibət bildirib.

Politoloq hesab edir ki, Ermənistanın paytaxtının tarixi Azərbaycan torpağı olduğu hər yerdə bildirilməlidir:

“Bu, tarixi həqiqətdir. Türk dünyası beləcə parçalandı. Bir müddət əvvəl Prezident "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır" demişdi. İndiki Ermənistanın paytaxtı sayılan İrəvan şəhərinin, tarixi Azərbaycan şəhəri olması dünyanın bütün tarixçilərində belə, sual doğurmur. Ermənistanın ərazisi, tarixən, Urartu, Sasanilər, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olub. Bu dövlətlərə nəzər salarkən İrəvan şəhərinin və ətraf ərazilərin etnik tərkibinin hansı qruplardan ibarət olması, orada yaşayan əhalinin hansı dinə qulluq etməsi və danışdıqları dil heç kimdə şübhə oyatmır. Təəssüflər olsun ki, Sovetlər dövründə erməni tarixşünaslığında İrəvan və Naxçıvan xanlıqlarının Şərqi Ermənistan kimi təqdim edilməsinə bizim tarixçilər heç bir reaksiya vermir, ona qarşı mübarizə aparmırdı. Ermənilərin 2018-ci ildə İrəvan şəhərinin 2800 illiyini qeyd etmələri onların növbəti tarixi uydurmalarından biridir. Bununla da onlar növbəti dəfə özlərinin guya qədim dövlətçilik ənənələrinə və mədəniyyətə sahib olmasını bildirmək istəyirlər. Əslində isə, İrəvan şəhəri heç də onların göstərdiyi tarixə malik deyil”.

Politoloq bildirib ki, erməni tarixçiləri tarixi hər zaman saxtalaşdırmağa çalışıblar:

“Onlar 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni (İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilib və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmayıb. Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olub. Orta əsrlərdə, artıq, şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olub. Bununla da ermənilər dünyaya bəyan edirlər ki, İrəvan şəhəri hətta qədim Romadan 30 yaş "böyük" imiş”.

Z. Məmmədov qeyd edib ki, İrəvanın adının "ermənicə danışan" Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir:

“Guya ki, dünyanı su basarkən Nuh peyğəmbərin düzəltdirdiyi gəmi Ararat dağının zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə "Yereval" (yəni ermənicə "Göründü") olub. Həmin görünən yer isə, guya indiki İrəvan şəhəri imiş. İndiki Ermənistan ərazinin bir hissəsində mövcud olmuş Urartu dövləti - Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədər olan ərazilərdə yaranıb. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər. Ermənilərin dediklərinə baxmayaraq bu dövlətin haylarla heç bir əlaqəsi yoxdur. Eramızdan əvvəl VI əsrdə meydana gələn Urartu dövlətinin ermənilər ilə heç bir əlaqəsinin olmamasına rus tarixçilərindən olan Dyakonov da yazır. Tarixi abidələrdə tapılmış Urartu yazısının erməni və gürcü dillərində açılmasına çalışan alimlər bunu bacarmayıblar. Bundan sonra, çeçen dili ilə yazılar arasında bağlantını yoxlayan alimlər yazılardakı 85% sözlərin məhz çeçenlərə yaxın olduğunu iddia ediblər. Rus arxeoloqu M.V.Nikolski 1893-cü ildə indiki Ermənistan ərazisinə səyahət edərək Göyçə gölünün sahilində qədim yazıları araşdırmış və gölün sahilindəki Gölkənd kəndinin yaxınlığında tapılmış yazıları eramızdan əvvəl VIII əsrə aid edib. Buradan da məlum olur kı, yerli əhalinin ermənilər ilə heç bir əlaqəsi olmayıb. İrəvan əyaləti 658-ci ildə ərəb qoşunları tərəfindən işğal edilib”.

Politoloq xatırladıb ki, xilafət dövründə Cənubi Qafqaz əmirliklərinin idarəçiliyi bir qayda olaraq türklərə həvalə edilib:

“Görkəmli türk coğrafiyaşünası Evliya Çələbi İrəvan qalasının əsasının XV əsrdə qoyulduğunu iddia edir. Daha sonra isə, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə edib. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırıb. Bu dövrdən başlayaraq xanlıqların yaranmasına qədər olan zaman kəsiyində gah Səfəvilərin, gah da Osmanlıların əlinə keçən İrəvan şəhəri 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıq kimi tarixinə davam edir. İrəvan qalası 1827-ci ildə rus ordusunun işğalına məruz qalır. İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən verilib. Həsən xanın qılıncını çara təqdim ediblər. Çar isə, qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı. Həmin qılınc hazırda Kremlin "Silahlar Palatası"nda saxlanılır. Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdilər. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmaz həqiqətdir”.

Z. Məmmədov vurğulayıb ki, bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd edib:

“İrəvan qalasını çox çətinliklə alan general Paskeviç - İrəvanski İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını bildirib. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazıb. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi”.

Z. Məmmədov bildirib ki, tarixi, ədəbiyyatı, mədəniyyəti olmayan xalqların- “olmayan dəyər”ləri haqda dünyada təbliğat aparmaları Azərbaycan xalqını ayıq olmağa vadar edir:

“Dünyada çox nadir hallarda hər hansı bir xalqa nəsib olan - tarixin az qala bütün vaxtlarında regional siyasi və hərbi dominantlığa, zəngin mədəni və ədəbi irsə malik olan, sərhədləri Suriyadan Hindistana qədər gedib çatmış bir xalq ilə qürur duymaq lazımdır. Sözün həqiqi mənasında Azərbaycan xalqı özü ilə fəxr edə bilər. Neçə-neçə böyük dövlətlərə, geniş coğrafiyada tanınan ədəbi mütəfəkkirlərə, zəngin mədəniyyətə malik olan xalqımız bundan sonra da dünyada iz qoymaqda davam edəcək. Bugün üçün isə, hər bir azərbaycanlının qarşısında duran əsas məqsəd işğal altında qalmış torpaqların yaxın vaxtlarda işğaldan azad edilməsi olmalıdır”.  

Firuzə Vahid / REDAKTOR.AZ